"Bu cazibədən İslam və İran xalqının həqiqətlərini yaymaq üçün isitfadə etmək lazımdır"
Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdə vurğulayıb ki, İslam Respublikasının yeni sözünü, yəni dini demokratiya modelini dünyaya çatdırmaq üçün həcc fürsətindən istifadə etmək lazımdır.
“İran İslam Respublikasının ABŞ-a müqavimət göstərməsi və İran xalqının zorakılığı qəbul etməməsi dünya üçün cəzbedici bir həqiqətdir. Bu cazibədən İslam və İran xalqının həqiqətlərini yaymaq üçün isitfadə etmək lazımdır”, - deyə Ayətullah Xamenei bildirib.
Bu görüşdə Həcc ayininin təntənəli şəkildə qeyd edilməsi üçün ayrı-ayrı qurumların qarşılıqlı əlaqəsinin təqdirəlayiq olduğunu deyən Həzrət Ayətullah Xamenei siyasi, etiqadi və ictimai bir hərəkət kimi Həccin əhəmiyyətli olduğunu qeyd edərək deyib: “Əlbəttə, ölkələrin bir çoxu Həccin mühüm əhəmiyyəti və səmərələrindən xəbərsizdir. Ancaq Böyük İmam (r.ə) bizə öyrətdi ki, Həcc ciddi və beynəlxalq bir hərəkət nöqtəsidir. İslam ümməti üçün onda çoxlu faydalar var”.
İslam İnqilabının Rəhbəri vahid ümmətin təşəkkülünün qarşısını almaq üçün qlobal güclərin göstərdiyi müxtəlif səylərə işarə edərək “İslam ümməti sözün həqiqi mənasında ortaq iradə və hədəfi olan bir birlik kimi hələ formalaşmamışdır. Təəssüflər olsun ki, canıyanan xeyirxah insanların islami birliyə çağırışları müqabilində İslam ölkələrində iftiralar, münaqişə və müharibələrə rəvac verilir”, -deyə əlavə edib.
Ayətullah Xamenei bildirib ki, iranlı zəvvarların Məscidül-haram və Məscidün-nəbidə qılınan camaat namazlarındakı iştirakı, bu məscidlərdə İranın görkəmli qariləri tərəfindən Allah kəlamının tilavət edilməsi, şübhələrə cavab vermək üçün xarici dilləri yaxşı bilən iranlı istedadların aktiv iştirakı vacibdir: “İslam Respublikası sisteminin siyasi əsaslarının əks etdirilməsi və onun yeni sözünün dünyaya çatdırılması Həcc ziyarətində mühüm və lazım olan işlərdəndir”.
İslam İnqilabının Rəhbəri çıxışı zamanı qeyd edib ki, amerikalıların “İran adi bir dövlətə çevrilməlidir” fikrini səsləndirməkdə məqsədləri budur ki, İslam Respublikası özünün yeni sözünü, yəni cəmiyyətin təşkili və idarə edilməsində xalqın səslərinin islami fikirlər və dini əsaslarla çulğalaşdırılması fikirini dünyaya çatdırmaqdan əl çəksin: “Dini demokratiya dünyaya məlum olmayan bir məsələdir. Bu gün İslam Respublikasına qarşı fəaliyyət göstərən milyonlarla təbliğat vasitəsinə qarşılıq olaraq bu model, ABŞ-ın düşmənçiliyinin səbəbi, İran xalqının zorakılığı qəbul etməməsi məntiqi kimi məsələləri çatdırmaq üçün Həcc fürsətindən istifadə etmək olar”.
O bildirib ki, İslam təfəkkürünün əsasları və onun nümunələrinin, o cümlədən İslam Respublikasının müqavimətinin izahı dünya üçün cazibədardır: “İran xalqının amerikalıları özündən çıxarmasının səbəbi müstəqil bir dövlətin qarətçi bir quldura qarşı müqavimətinin təsvirindən qaynaqlanan cazibədir. Bu cazibədən İslam və İran xaqlının həqiqətini yaymaq üçün istifadə etmək lazımdır”.
Ayətullah Xamenei həmçinin bildirib ki, Həccdən qayıtdıqdan sonra fərdlərin özlərini əsaslı şəkildə dəyişib düzəltməsi vacibdir. Həcc və dini təbliğat işləri üzrə məsul şəxslərdən bu kontekstdə proqram tərtib edib iş görülmələrini istəyən İnqilab Lideri Həcc İdarəsinin rəhbər şəxslərinə zəvvarlar və onların problemləri ilə isti, mehriban, səmimi və təvazökarcasına məşğul olmağı göstəriş verib.
Görüşdə Vəliyyi-fəqihin Həcc və ziyarət işləri üzrə nümayəndəsi, iranlı zəvvarların rəhbəri Höccətül-İslam vəl-müslimin Nəvvab və Həcc və Ziyarət İdarəsinin müdiri cənab Rəşidiyan bu il həcdə görülmüş işlər və gələcək prorqmlarla bağlı məlumat verdilər.