Ayətullah Xamenei bu gün İranda ağacəkmə günü iki ağac fidanı əkib
Ayətullah Xamenei bu gün İranda ağacəkmə günü və "Təbii mənbələr həftəsi" münasibətilə iki ədəd meyvə fidanı əkərək, ağac əkməyi bərəkətli bir hərəkət adlandırıb və İranda şayiə olmuş koronavirus haqqında danışıb.
"Bundan öncə də həkimlərə, şəfqət işçilərinə və müalicə komplekslərinə səmimi surətdə təşəkkür etdiyim kimi, lazım bilirəm bir daha özlərinin son dərəcə dəyərli işləri ilə Allah yolunda cihad etməkdə olan bu əzizlərə minnətdarlıq edəm.", -deyə o bildirib.
İslam İnqilabının Rəhbəri xəstələrin sağalmaları üçün dua etməklə yanaşı, bu xəstəlikdən vəfat edənlər üçün ilahi rəhmət və bağışlanma, onların ailələri üçün isə səbr və təmkinlilik diləyərək deyib: "Məsul şəxslərin yoluxmanın qarşısının alınması və profilaktika barədəki tövsiyələri və göstərişlərindən kənara çıxılmamalıdır, zira Allah-Taala bizi özümüzün və başqalarının sağlamlıqları barədə məsuliyyət daşımağa borclu edib."
Ayətullah Xamenei Allaha təvəkkül etməyə işarə edərək "Əlbəttə, bu bəla o qədər də böyük deyil və ondan böyüyü də olub. Amma mən böyük bəlaların aradan qalxması üçün gənclərin və təqvalı şəxslərin pak və saf ürəklərindən qalxan duaya çox ümid edirəm, Allah-Taalanın dərgahına söykənmə və İslamın Böyük Peyğəmbərindən və möhtərəm imamlardan şəfaət tələb etmək bir çox problemləri aradan götürə bilər.", -deyə əlavə edib.
İslam İnqilabı Rəhbəri sonra deyib: "Bizim məsul şəxslərimiz ilk gündən saflıq, sədaqət və şəffaflıqla xəbər və xalqa məlumat verdilər. Amma bu xəstəliyin daha şiddətlə və əhatəli şəkildə yayıldığı digər ölkələr məsələni gizlədirlər. Əlbəttə, biz o xəstələr üçün də Allah-Taaladan sağlamlıq diləyirik."
Ayətullah Xamenei İran xalqından bəzilərinin səhiyyə vəsaitləri paylamaq və maliyyə yardımları göstərmək kimi bəyəniləsi və humanitar hərəkətlərinə toxunaraq deyib: "Bu işlər çox yaxşıdır və bu nailiyyətlərin qorunması ilə bəla nemətə və təhdid fürsətə çevriləcək və ümid edirəm ki, əziz İran xalqı üçün tam sağlamlıq ruzigarı yaxın olacaq."