İsveçin tibbi təyinatlı məhsullar istehsal edən şirkəti “epidermolysis bullosa” – “kəpənək xəstəliyi” olan iranlı uşaqlara bintlər satmaqdan imtina etməyə davam edir.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, bu barədə İranın İsveçdəki səfiri Əhməd Məsumifər bəyan edib.
O qeyd edib ki, həmin şirkət “ABŞ-nın sərt sanskiyaları” bəhanəsi ilə həmin sarğıları İrana satmır.
“Bu xəstəliyi olanlar, xüsusilə də uşaqlar hər gün insan hüququ müdafiəçilərinin gözləri önündə əziyyət çəkir və ölür. Məgər bu uşaqların hüquqlarının kobudcasına pozulması və insanlıq əleyhinə cinayət deyil?“, - deyə iranlı diplomat vurğulayıb.
Xatırladaq ki, BMT rəsmisi İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaların mənfi təsirləri barədə danışarkən Alen Duhan bildirib ki, “İrana qarşı qəbul edilmiş tədbirlər (sanksiyalar) insan haqlarının pozulmasıdır“.
Qeyd edək ki, bu nadir dəri xəstəliyi ağır bir xəstəlikdir və həyat üçün təhlükəlidir. Bu xəstəlik dəridə olduqca ağrılı yaralara səbəb olur. Onların dəriləri kəpənək qanadı kimi çox incə və kövrək olduğu üçün onlara “kəpənək uşaqlar” deyilir.