Avropa Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqladı

Avropa Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqladı

Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb

Rasthaber Azərbaycan xəbər verir ki, dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb.

Qərarda M.Səmədovun hüquqlarının pozulması tanınıb və Azərbaycanın ona 4000 avro kompensasiya ödəməsi gərəkli sayılıb.

Məhkəmənin qərarına görə, M.Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş bəzi hüquqların pozulması ilə müşayiət olunub. Söhbət həmin Konvensiyanın 5.3-cü (həbsin qanunsuzluğu) və 6.1-ci (ədalətli məhkəmə araşdırmasının təmin olunmaması) maddələrinin zəmanət verdiyi hüquqlardan gedir.

Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət bildirilməyib.

AİP sədri Mövsüm Səmədov 2011-ci il yanvarın 7-dən 8-nə keçən gecə Nərimanov rayon ərazisində saxlanaraq polisə müqavimətdə günahlandırılıb və 13 sutka inzibati həbs cəzası alıb. İnzibati həbs müddəti bitdikdən sonra o, Nəsimi rayon Məhkəməsinə aparılıb və haqqında ilkin dövr üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz silah saxlama, Konstitusiya quruluşunu dəyişməyə cəhd və başqa cinayətlərdə ittiham edilərək 12 il həbs cəzası alıb. M.Səmədov ittihamları qəbul etmir.

Xəbəri paylaş

VİDEOLAR