Aleksey Navalnı zəhərlənib, onun analizində toksik maddə tapılıb, Berlinin Charite klinikasının həkimləri bəyan edib.
Rasthaber xəbər verir ki, BBC-nin danışdığı mütəxəssislər deyir ki, tapılan maddə hərbi zəhərlər sinfinə aiddir və bu maddə insan üçün uzunmüddətli təsirə malik ola bilər.
Bu cür zəhərlər arasında, məsələn, "Noviçok"-la Böyük Britaniya hökumətinin bəyanatına görə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal zəhərlənmişdi.
Navalnının ilk öncə yerləşdirildiyi Omsk xəstəxanasının həkimləri ona zəhərlənmə diaqnozu qoymaqdan, ölkənin İstintaq Komitəsi isə bu maddə ilə cinayət işi açmaqdan imtina etmişdi.
"Bir daha demək istəyirəm: Alekseydə "toksik zəhərlənmə var" sözlərini mənə təcili tibbi yardımın həkimləri demişdi", - Navalnının mətbuat katibi Kira Yarmış Twitter-də deyib, - "Bu, mənim ehtimalım deyildi. Yəni, Alekseyi görən ilk tibb işçisi bu nəticəyə gəlib. Bundan sonrakı bütün günlər Omsk xəstəxanasının baş həkimi hamının başını aldadıb".
Alman həkimlər deyir ki, bir neçə müstəqil laboratoriyadan təsdiqini tapmış analizin nəticələri Navalnıda zəhərlənmə olduğunu göstərib. Onun dəqiq hansı maddə ilə zəhərləndiyi hələlik müəyyən edilməyib.
Navalnı hazırda süni koma vəziyyətindədir və müalicə olunur. Hazırda onun həyatı üçün kəskin təhlükə yoxdur, lakin zəhərlənmənin təsirləri, xüsusilə də sinir sisteminə təsirləri istisna olunmur, Charite klinikası bildirib.