Əl-Anbar və Kərkük vilayətlərində yerləşən Eynul-Əsəd və K-1 bazaları tam hazır vəziyyətə gətirilib
ABŞ qüvvələrinin "Haşdi Şabi" bazalarına hücumundan sonra bu ölkənin Bağdaddakı səfirliyinin əməkdaşlarından bir qrupu bu şəhərdən çıxarılıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ABŞ ötən axşam dekabrın 29-da Bağdaddakı səfirliyinin onlarla işçisini şəhərdən çıxarıb və səfirlikdə sarı həyəcan siqnalı verilib, digər təhlükəsizlik tədbirləri artırılıb.
Məlumata görə, ABŞ-ın İraqda iki əsas bazası sayılan, Əl-Anbar və Kərkük vilayətlərində yerləşən Eynul-Əsəd və K-1 bazaları tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, ABŞ Ordusu İraqda “Haşdi Şabi”nin ən güclü briqadası olan “Kataib Hizbullah”ın İraq və Suriyadakı 5 bazasına hücum edib.
“Haşdi Şabi”nin dairə sədri Cavad Rubayavi hücum zamanı 19 nəfərin şəhid olduğunu, 35 nəfərin isə yaralandığını bildirib. Bəzi mənbələr isə 25 nəfərin şəhid olduğunu, 51 nəfərin isə yaralandığını qeyd edirlər.
Haşdi Şabi və İraq Hizbullahı ABŞ-ı cavab addımları ilə hədələyiblər.