ABŞ-da minlərlə biznes koronavirus pandemiyası səbəbilə məcburi bağlanan sonra yenidən açılsa da, bir çox iş yerləri hələ də işçilərini işdən çıxarır.
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, keçən həftə ABŞ-da işdən azad edilən 1,5 milyon işçi işsizlik təzminatı üçün müraciət edib. Bu rəqəm bir həftə əvvəllə müqayisədə bir qədər aşağıdır, və son üç ayda ən aşağı həddə çatıb. Lakin bu, yenə də dünyanın ən böyük iqtisadiyyatı üçün qeyri-adi dərəcədə yüksək rəqəmdir.
İşsizlik təzminatı üçün müraciət edənlərin sayı 13 həftədir getdikcə azalır, lakin ABŞ-ın iqtisadiyyat üzrə rəsmiləri ölkənin pandemiyanın vurduğu zərərdən sonra tam şəkildə bərpa olmasının 2021-ci ilə qədər uzanacağını proqnozlaşdırır.
Ümumilikdə, mart ayının ortalarından bəri 45.5 milyon işçi, yəni ABŞ-ın 164.6 milyonluq işçi qüvvəsinin dörddə birindən çoxu işsizlik kompensasiyası üçün müraciət edib. Milyonlarla işçi işlərinə geri qayıtdığı üçün hazırda təzminat alanların sayı 20.5 milyona qədər azalıb.
Lakin Federal Ehtiyat Bürosunun sədri Ceromi Pauel bu həftə bir Konqres komitəsində etdiyi açıqlamasında deyib ki, ABŞ iqtisadiyyatının koronavirusun vurduğu zərərdən bərpa olmağa başlamasına baxmayaraq, "istehsal və məşğuluq pandemiyadan öncə ilə müqayisədə çox aşağı səviyyədədir, iqtisadiyyatın bərpasının müddəti və şiddəti ilə bağlı isə ciddi qeyri-müəyyənlik mövcuddur."