2020-ci ildə Fransada İslama qarşı hücumlarda böyük artım olub

2020-ci ildə Fransada İslama qarşı hücumlarda böyük artım olub

Ötən il 2019-cu illə müqayisədə Fransada anti-İslam hücumlarının sayında 53 faiz artım müşahidə olunub.

Rasthaber Azərbaycan AA-ya istinadla xəbər verir ki, belə bəyanatla Fransanın İslam Şurası çıxış edib.

Fransa İslam Şurasının Fransada islamofobiyanın izlənməsi qurumunun rəhbəri Abdulla Zəkri bildirib ki, hücumlar əsasən ölkənin Rona-Alp, Paka və paytaxt Paris də daxil olmaqla İl-de-Frans regionlarında meydana gəlib.

Zəkri 2019-cu ildə müsəlmanların 154 hücuma məruz qaldığını xatırladaraq, ötən il bu göstəricinin 235-ə yüksəldiyini diqqətə çatdırıb. Bu isə 53 faiz artım deməkdir.

2020-ci ildə məscidlərə hücumların sayı da 35 faiz çoxalıb. Eyni zamanda Fransanın müsəlman mərkəzlərinə və ya liderlərinin evlərinə təhdid məzmunlu 70 məktub ünvanlanıb.

İslamla terrorçuluq arasında heç bir əlaqənin olmadığını vurğulayan Zəkri, Fransada yaşayan müsəlmanların öz dini ayinlərini azad şəkildə həyata keçirmək haqqına malik olduqlarını söyləyib.

Qeyd edək ki, ötən ilin oktyabrında Samuel Pati adlı müəllimin Həzrət Peyğəmbərə (s) çəkilən karikaturaları nümayiş etdirdikdən sonra qətlə yetirilməsi səbəbi ilə Fransada anti-İslam çıxışlar daha geniş vüsət alıb.

Fransada əsasən Şimali Afrikadan olan 6 milyon müsəlman yaşayır. Bu göstərici ilə Fransa müsəlmanların sayına görə Avropa ölkələri arasında liderdir.

Xəbəri paylaş

VİDEOLAR