Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək.
Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.
Bakı şəhərinin Baş Planı üzrə yanaşmalar zamanı bir sıra müzakirələr gedib. Müzakirələr zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev universitetlərin Xocəsən və Mərdəkana köçürülməsi məsələsinən də bəhs edib.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə Mərdəkanın altmərkəz kimi nəzərdə tutulmasının zəruriliyini vurğulayaraq bir növ universitetlərin daşınması fikrinə etirazını bildirib.
O, qeyd edib ki, sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır, hamı bilir ki, Mərdəkan istirahət zonasıdır.
Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Modern.az-a bildirib ki, Strateji layihələr Baş planın reallaşdırılmasında təkan verici rol oynayacaq.
"Müxtəlif mənbələrdən, o cümlədən: dövlət qurumları, özəl və içtimai təşkilatlardan və şəhər sakinlərindən təqdim olunmuş layihə təklifləri arasında seçilmiş 11 layihə Strateji Sessiyada elan olunub.
Sözügedən layihələr Baş Plan paketində hökumətə təqdim olunacaq və bu layihələr təsdiqlənərsə, onların detallı texniki-iqtisadi əsaslandırılmaları hazırlanacaqdır”.
Ramiz İdrisoğlu qeyd edib ki, müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir:
"Burada dünyada aparıcı universitetlərin təcrubəsinə əsaslanaraq təhsil, elm və biznesin bağlanma nöqtəsinin yaradılması nəzərdə tutulur. Söhbət yalnız universitetlərin fiziki köçürülməsindən getmir. Layihə hökümət tərəfdən müsbət qiymətləndirilsə, kampusun yerləşdirilməsinin infrastruktur baxımından münasib olacağı, tərkibinə hansı təhsil ocaqlarının daxil olacağı kimi məsələlərə baxılacaq.
Ekspert Cahangir Qocayev bildirib ki, Bakının Regional İnkişaf Planında universitetlərin şəhərdən çıxarılması üçün ərazi nəzərdə tutulub, amma Xocəsən plana daxil deyil.
"Universitetlərdən birinin ərazisi Böyük Şor gölünün ətrafında olacaq. Mən ümumiyyətlə nəzərdə tuturdum ki, universitetlərin köçürüləcəyi yerlərə elektrik qatarları quraşdırılsın. Ələtə gedən yolda boş yerlər çoxdur, universitetləri ora da köçürmək mümkün olar. Universitetlərin başqa əraziyə daşınması olduqca uzun işdir. Bunun üçün əvvəl universitet şəhərcikləri yaradılmalıdır”.
Cahangir Qocayev qeyd edib ki, konkret olaraq orada yataqxana, kitabxana yaradılsa tələbələrin kənar ərazilərə köçürülməsi əlverişli olar:
"Bəzi universitetlər doğurdan da kənara köçürülsə yaxşı olar. Məsələn, biri UNEC. UNEC-in Bakının mərkəzində nə işi var axı?! Bundan əlavə Pedaqoji Universitetin də şəhərdən kənara köçürülməsi daha məqsədəuyğundur. Bunu Təhsil Nazirliyi ilə razılaşdırmaq lazımdır”.