Yapay Zeka Alarmı: Dev Şirketlere “Yavaşlayın” Çağrısı

2 Dəq Oxuma Müddəti

Anthropic rəhbərindən süni intellekt şirkətlərinə xəbərdarlıq

Süni intellekt şirkəti Anthropic-in baş icraçı direktoru Dario Amodei süni intellekt modellərinin inkişaf sürətinin azaldılmasına çağırıb.

Amodei şirkətin rəsmi internet səhifəsində yayımladığı məqaləsində süni intellekt texnologiyalarının nəzarətdən çıxması, kiberhücumlar və bioloji təhlükələr üçün istifadə olunması kimi risklər daşıdığını bildirib.

Onun sözlərinə görə, süni intellekt sahəsində son aylarda inkişaf tempi kəskin sürətlənib və bu proses təhlükəsizlik məsələlərinə daha ciddi yanaşma tələb edir.

“İnkişaf sürətini azaltmalıyıq”

Anthropic rəhbəri bildirib ki, süni intellekt modellərinin imkanlarını artırmaq prosesində daha ehtiyatlı olmaq lazımdır.

Amodei vurğulayıb ki, inkişafın yavaşladılması texnologiyanın qarşısını almaq deyil, əldə olunan zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün istifadə etmək məqsədi daşımalıdır.

Onun fikrincə, süni intellektin sürətli inkişafı ilə paralel olaraq mümkün təhlükələrin idarə olunması üçün daha güclü mexanizmlər yaradılmalıdır.

Üç mərhələli təhlükəsizlik planı təklif edildi

Amodei narahatlıqlarının əsas səbəblərindən biri kimi süni intellekt sistemlərinin müstəqil fəaliyyət imkanlarının artmasını göstərib.

O bildirib ki, “OpenAI” tərəfindən keçirilən kiber təhlükəsizlik sınaqlarından birində süni intellekt agentlərinin müəyyən sistemlərə qarşı müstəqil hərəkət edə bilməsi əlavə suallar yaradıb.

Anthropic rəhbəri süni intellektin faydalarından istifadə etməklə yanaşı, təhlükəsizliyin təmin olunması üçün üç mərhələli plan təklif edib.

Birinci mərhələ: şirkət daxili tədbirlər

Planın ilk mərhələsində süni intellekt şirkətlərinin öz daxilində təhlükəsizlik standartlarını tətbiq etməsi nəzərdə tutulur.

Amodei hökumətləri də bu sahədə vahid qaydaların hazırlanmasına çağırıb.

İkinci və üçüncü mərhələ: qlobal əməkdaşlıq

Təklif olunan planın növbəti mərhələlərində bütün sənaye üzrə koordinasiya və daha sonra beynəlxalq səviyyədə əməkdaşlıq mexanizmlərinin yaradılması vacib sayılır.

Musk və Altman dəstək verdi

Anthropic rəhbərinin çağırışına “Tesla” və “SpaceX” rəhbəri Elon Musk dəstək verib.

Musk Amodeinin açıqlamasını paylaşaraq onun fikirləri ilə razı olduğunu bildirib.

“OpenAI” şirkətinin rəhbəri Sam Altman da süni intellektin inkişaf tempinin nəzarətli şəkildə idarə edilməsinin vacibliyini qeyd edib.

Altman bildirib ki, sərhəd texnologiyalarında çalışan şirkətlər müstəqil qiymətləndiricilərlə əməkdaşlığı gücləndirməlidir.

Süni intellekt sahəsində dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin təhlükəsizlik məsələsində ortaq mövqe nümayiş etdirməsi bu texnologiyanın gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş