İsrailin ABŞ-də təsir kampaniyası
ABŞ-ın “Wall Street Journal” nəşri İsrail hökumətinin ölkənin ABŞ-dəki imicini yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı təsir kampaniyası həyata keçirdiyini yazıb.
Qəzetin məlumatına görə, kampaniya üçün on milyonlarla ABŞ dolları ayrılıb. Nəşr bu təşəbbüsü İsrailin beynəlxalq imicini bərpa etmək istiqamətində indiyədək həyata keçirilən ən böyük informasiya layihələrindən biri kimi qiymətləndirib.
Süni intellekt və sosial media əsas alətlərdən sayılır
Məlumata əsasən, kampaniya çərçivəsində ABŞ Prezidenti Donald Trampa yaxın şəxslərin və sosial media fenomenlərinin dəstəyindən istifadə olunur.
Bundan əlavə, ictimai rəyə təsir göstərmək məqsədilə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış milyonlarla mətn və məzmunun müxtəlif platformalarda yayılması nəzərdə tutulur.
ABŞ ictimaiyyətində İsrailə münasibət dəyişir
Nəşrin qeyd etdiyi sorğulara görə, ABŞ-də yetkin əhalinin təxminən 60 faizi İsrailə mənfi münasibət bəsləyir. Bildirilir ki, bu tendensiya Qəzzada davam edən müharibə və İranla qarşıdurmanın yaratdığı nəticələr fonunda güclənib.
Gənc yəhudi amerikalılar arasında dəstək azalır
Bundan əvvəl Associated Press agentliyi və NORC İctimai Araşdırmalar Mərkəzinin birgə keçirdiyi sorğu da oxşar tendensiyanı ortaya qoyub.
Araşdırmaya əsasən, yaşı 45-dən aşağı olan yəhudi amerikalıların yalnız 42 faizi İsrailə dəstəyi dini kimliyinin mühüm hissəsi hesab edir. Bu göstərici 45 yaş və daha yuxarı qrupda 53 faiz təşkil edir.
Sorğunun nəticələrinə görə, 45 yaşdan aşağı yəhudi amerikalıların 37 faizi İsrailin Qəzzadakı hərbi əməliyyatlarını soyqırımı kimi qiymətləndirir. Yaşı 45 və daha çox olan respondentlər arasında bu fikirlə razılaşanların payı 23 faiz olub.

