ABŞ-ın iki strateji kartı var: Kürd kartı və Tayvan kartı.
Birincisini bölgəmizdə, Türkiyədə, İranda, İraqda və Suriyada istifadə edir. İkincisi ilə isə Çinə qarşı təhrik edir.
İran və Çin, Trampın əlindəki bu iki kartın koz dəyərini aşağı saldı.
ABŞ MƏTBUATI: TRAMP TAYVANI SATDI
ABŞ Prezidenti Donald Tramp Çindən qayıdarkən təyyarədə jurnalistlərə belə dedi: “Çin çox böyük, çox güclü bir ölkədir. Tayvan isə çox kiçik bir adadır. Düşünün, ora Çinə cəmi 59 mil uzaqlıqdadır. Biz isə 9 min 500 mil uzaqdayıq. Bu bir az çətin bir problemdir.”
Bu şərh ABŞ mətbuatı tərəfindən “Tramp Tayvanı satdı” kimi şərh olundu.
Bəs Trampı bu qiymətləndirməyə məcbur edən nə idi? Çinin gücü və əvvəlki yazımızda da vurğuladığımız kimi Çin Xalq Respublikasının sədri Si Cinpinin ilk dəfə bu mövzuda ABŞ-a “münaqişə” xəbərdarlığı etməsi idi.
Çin Xarici İşlər naziri Vanq Yi, ABŞ-Çin sammitini qiymətləndirdiyi ertəsi günkü açıqlamasında bunun altını bir daha qalın şəkildə çəkdi: “Tayvan məsələsi düzgün şəkildə həll olunarsa ABŞ-Çin münasibətləri sabit olacaq. Əks halda, iki ölkə arasında gərginliklər və hətta münaqişələr yaşana bilər, münasibətlərin ümumi gedişatı təhlükə altına düşə bilər.”
İRAN KÜRD KARTINI ZƏİFLƏTDİ
Trampın əlindəki kürd kartını aşağı salan isə İran oldu. ABŞ-ın İrana hücumundan əvvəl İrandakı beş kürd təşkilatı birləşərək rejimi devirmək məqsədi elan etmişdi. Amma İran ABŞ-a müqavimət göstərərkən və ABŞ-ın müttəfiq ölkələrindəki bazalarını vurarkən bu beş təşkilat heç hərəkətə belə keçə bilmədi.
ABŞ və İsrail bunun üzərinə uzun illərdir sərmayə qoyduqları İraqın şimalındakı kürdləri işə salmağa çalışdı. Tramp müharibənin ortasında şəxsən Bərzani və Talabaniyə zəng edərək İranda hərəkətə keçmələrini istədi. Amma onlar da ümumi gedişatı gördükləri üçün Vaşinqtonun çağırışını keçişdirdilər.
Tramp o gündən bəri bölgədəki kürd təşkilatlarını ittiham edir; “Pul verdik, silah verdik amma işlərini görmədilər” deyir.
KÜRDLƏRƏ VƏ TAYVANA ‘OĞURLUQ’ İTTİHAMI
ABŞ Prezidenti Donald Trampın əlindəki Tayvan kartının Çinin gücü və kürd kartının da İranın müqaviməti qarşısında zəifləməsi, bölgəmizdəki kürdlər baxımından da Tayvan çinliləri baxımından da dərslərlə doludur.
Birincisi, Trampın kürdlərə və Tayvan çinlilərinə yönəltdiyi “oğurluq” ittihamı belə kifayət qədər ağır bir dərsdir.
Tramp İrana qarşı kürdləri hərəkətə keçirə bilmədiyi gündən bu yana demək olar ki, hər gün ən az bir dəfə kürdləri “oğurluqda” ittiham edir, “Göndərdiyimiz silahları oğurladılar” deyir, “Verdiyimiz silahları üsyançılara çatdırmadılar” deyir.
Tramp Tayvan məsələsində də “oğurluq” ittihamı etdi. Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verərkən “Tayvan bizim çip sənayemizi oğurladı” dedi.
Bu tərzin Trampa məxsus olduğu düşünülməsin, ümumi imperialist ABŞ liderliyi münasibətidir; bəzən istifadə edib atar, bəzən də belə ittiham edər. Kürdlərin də Tayvan çinlilərinin də çıxarmalı olduğu başqa bir dərs məhz budur.
ABŞ TƏHLÜKƏSİZLİK ÇƏTİRİ DƏLİK-DEŞİKDİR
Dünya siyasi tarixi baxımından çox mühüm bir dövr yaşayırıq. Imperialist ABŞ-ın hegemoniyasının zəiflədiyi və qlobal liderlik qabiliyyətinin eroziyaya uğradığı və çoxmərkəzli/çoxqütblü bir dünyanın qurulduğu bir prosesdir. ABŞ-ın bu gedişatı dayandıra bilmək üçün atdığı hərbi addım Hörmüz boğazına ilişdi.
Bunun bir çox nəticələri ortaya çıxmağa başladı. İşarə etdiyimiz “koz kartları” məsələsi bunun zəruri nəticələrindən biridir.
Amma daha önəmlisi və bu cür koz kartlarını bir-bir aşağı salacaq olan isə budur: ABŞ-ın müttəfiqlərinə açdığı “təhlükəsizlik çətirinin” işləmədiyi Körfəzdə çox açıq şəkildə görüldü.
Bunun əks-sədalarını görməyə hələ yeni başlayırıq…
