Trampa Ağır Sorğu Zərbəsi: Amerikalılar Kasıblaşdıqlarını Deyir

3 Dəq Oxuma Müddəti

Amerikalıların 53 faizi maliyyə vəziyyətinin pisləşdiyini deyir

Böyük Britaniyanın “Fokal Data” araşdırma şirkətinin “Faynenşl Tayms” qəzeti üçün keçirdiyi yeni ictimai rəy sorğusu ABŞ Prezidenti Donald Tramp üçün ciddi xəbərdarlıq ortaya qoyub.

Sorğunun nəticələrinə əsasən, amerikalı seçicilərin əksəriyyəti Trampın hakimiyyəti dövründə şəxsi maliyyə vəziyyətlərinin yaxşılaşmadığını, əksinə daha da pisləşdiyini düşünür.

Respondentlərin 53 faizi maliyyə vəziyyətinin əvvəlkindən daha pis olduğunu bildirib. Sorğuda iştirak edənlərin 26 faizi vəziyyətində hər hansı dəyişiklik hiss etmədiyini, cəmi 21 faizi isə maliyyə durumunun yaxşılaşdığını deyib.

Bu göstəricilər Tramp administrasiyasının iqtisadi siyasətinə, xüsusilə inflyasiya və yaşayış xərclərinin artmasına münasibətdə narazılığın genişləndiyini göstərir.

64 faiz iqtisadiyyatın yanlış istiqamətdə getdiyini düşünür

Sorğuda ABŞ iqtisadiyyatının ümumi vəziyyəti ilə bağlı da Tramp administrasiyası üçün mənfi nəticələr qeydə alınıb.

Qeydiyyatdan keçmiş seçicilərin 64 faizi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə hərəkət etdiyini düşünür. Bunun əksini söyləyənlərin göstəricisi isə cəmi 25 faiz təşkil edib.

Nəticələr amerikalıların iqtisadi vəziyyətlə bağlı narahatlığının yalnız şəxsi gəlir və xərclərlə məhdudlaşmadığını, ölkə iqtisadiyyatının ümumi gedişatına münasibətdə də ciddi bədbinliyin olduğunu göstərir.

Trampın fəaliyyətini bəyənməyənlər 55 faizə çatdı

Sorğunun Donald Trampın prezident kimi fəaliyyətinə dair hissəsində də mənfi göstəricilər üstünlük təşkil edib.

Qeydiyyatdan keçmiş seçicilərin 55 faizi Trampın fəaliyyətini bəyənmədiyini bildirib. Prezidentin fəaliyyətini dəstəkləyənlərin göstəricisi isə 36 faiz olub.

Tramp üçün ən zəif nəticə inflyasiya və yaşayış xərcləri ilə mübarizə sahəsində qeydə alınıb.

Bahalaşma Trampın ən zəif nöqtəsinə çevrildi

Respondentlərin 64 faizi Trampın inflyasiya və yaşayış xərcləri ilə bağlı siyasətini bəyənməyib. Bu istiqamətdə prezidentin siyasətini dəstəkləyənlərin payı cəmi 21 faiz təşkil edib.

İranla müharibə məsələsində də Trampın göstəriciləri aşağı olub. Seçicilərin 54 faizi prezidentin bu istiqamətdə siyasətini bəyənmədiyini, 27 faizi isə dəstəklədiyini bildirib.

Sorğu 2026-cı il avqustun 7-dən 10-dək 1913 qeydiyyatdan keçmiş ABŞ seçicisi arasında keçirilib. Araşdırmanın xəta payının 2,9 faiz bəndi olduğu açıqlanıb.

Aralıq seçkiləri ərəfəsində respublikaçılara xəbərdarlıq

Sorğunun nəticələri noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri ərəfəsində xüsusi əhəmiyyət daşıyır. İqtisadi narazılığın seçici davranışına təsir göstərməsi Tramp və Respublikaçılar Partiyası üçün əsas siyasi risklərdən birinə çevrilib.

“Faynenşl Tayms” nəticələri Tramp və respublikaçıların qarşıdakı seçkilərdə çətin mübarizə ilə üzləşəcəyinin göstəricisi kimi qiymətləndirib.

İranla davam edən müharibəyə münasibətdə artan narazılıq da siyasi mənzərəyə təsir göstərən amillər sırasında göstərilir. Yanacağın, istehlak mallarının qiymətlərinin və borclanma xərclərinin yüksəlməsi seçicilərin iqtisadi vəziyyətlə bağlı narahatlığını daha da artırıb.

Demokratlar Nümayəndələr Palatasına ümid edir

Mövcud ictimai rəy sorğuları Demokratlar Partiyasının Nümayəndələr Palatasında nəzarəti geri qaytarmaq imkanlarının artdığını göstərir. Senatda üstünlüyün əldə edilməsi isə demokratlar üçün daha çətin görünür.

Son sorğunun ortaya qoyduğu mənzərə Tramp administrasiyasının qarşısında əsas problemlərdən birinin məhz amerikalıların gündəlik iqtisadi vəziyyəti olduğunu göstərir. Seçicilərin yarıdan çoxunun maliyyə vəziyyətinin pisləşdiyini deməsi və təxminən hər üç seçicidən ikisinin iqtisadiyyatın yanlış istiqamətdə getdiyini düşünməsi noyabr seçkiləri öncəsi Ağ Ev üçün ciddi siyasi təzyiq yaradır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş