ABŞ Kanadaya qarşı yeni tariflər tətbiq edir
Ağ Ev ABŞ-ın Kanadadan idxal olunan geniş çeşidli məhsullara 50 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Məlumata görə, Prezident Donald Tramp 1930-cu il Ticarət Qanununa əsasən üç sərəncam imzalayıb. Həmin qanun müəyyən ölkələrdən idxal olunan məhsullara 50 faizə qədər gömrük rüsumunun tətbiqinə imkan verir.
Yeni tariflərin 19 avqust tarixindən qüvvəyə minəcəyi bildirilib.
Hansı məhsullar rüsuma cəlb olunacaq?
Ağ Evin yaydığı məlumata əsasən, yeni gömrük rüsumu şərab, hokkey çubuqları, sement, süd məhsulları, hovuz avadanlıqları, mebel, balıq ovu ləvazimatları, toxumlar, geyim və pariklər də daxil olmaqla çoxsaylı məhsullara şamil ediləcək.
Bununla yanaşı, enerji məhsulları, kalium gübrəsi, balıq məhsulları, strateji minerallar və əvvəllər 1930-cu il qanunu çərçivəsində rüsum tətbiq edilən bəzi məhsullar istisna olunacaq.
Vaşinqton qərarın səbəbini açıqladı
ABŞ administrasiyası qərarı Kanadanın Amerika avtomobillərinə, spirtli içkilərinə və süd məhsullarına qarşı tətbiq etdiyi məhdudiyyətlərlə əsaslandırıb.
ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, Kanada digər müttəfiqlərdən fərqli olaraq Vaşinqtonun ticarət balansını bərpa etmək və milli sənayeni qorumaq istiqamətində atdığı addımlara cavab olaraq cavab tədbirlərini davam etdirir.
Ağ Ev statistik göstəriciləri açıqladı
Ağ Evin məlumatına görə, son bir ildə Kanadaya ABŞ avtomobillərinin ixracı 22 faiz, spirtli içkilərin ixracı isə 81 faiz azalıb.
Administrasiya bunu Kanadanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin nəticəsi kimi qiymətləndirir.
Trampdan Kanadaya yeni ittiham
Donald Tramp bir neçə gün əvvəl Kanadada baş verən meşə yanğınlarından yaranan hava çirkliliyinin ABŞ-a vurduğu ziyanın da Ottavaya tətbiq edilən gömrük rüsumlarına əlavə edilməsini təklif etmişdi.
ABŞ Prezidenti Kanadanı meşə yanğınlarının qarşısının alınmasında səhlənkarlıqda ittiham edərək bunun ABŞ iqtisadiyyatına milyardlarla dollar zərər vurduğunu bildirmişdi.

