Tramp Pekinə çatdı
ABŞ Prezidenti Donald Tramp 8,5 ildən sonra Çinə rəsmi səfərə gəlib.
Çinin “Sinxua” agentliyinin məlumatına görə, Tramp üç günlük səfər çərçivəsində geniş siyasi və biznes nümayəndə heyəti ilə Pekinə çatıb.
Bu, ABŞ liderinin 2017-ci ildən sonra Çinə ilk səfəri hesab olunur. Co Bayden prezidentliyi dövründə Çinə rəsmi səfər etməmişdi.
ABŞ administrasiyasının əsas fiqurları səfərdədir
Səfərdə Trampı ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, ticarət nümayəndəsi Ceymison Qrir və Ağ Evin aparat rəhbəri Stiven Miller müşayiət edir.
ABŞ maliyyə naziri Skott Bessent isə Seulda Çinlə aparılan iqtisadi danışıqlardan sonra Pekinə yollanıb.
ABŞ şirkətlərinin rəhbərləri də heyətdədir
Nümayəndə heyətində ABŞ-ın iri texnologiya və sənaye şirkətlərinin rəhbərləri də yer alıb.
“Tesla”nın rəhbəri İlon Mask, “Apple”ın icraçı direktoru Tim Kuk və “Nvidia”nın qurucusu Jensen Huanq daxil olmaqla 17 şirkətin nümayəndəsi Trampın səfərinə qatılıb.
Trampın həyat yoldaşı Melaniya Tramp səfərdə iştirak etməyib. ABŞ prezidentinin oğlu Erik Tramp və gəlini Lara Tramp isə nümayəndə heyətində yer alıb.
Si Tsinpinlə görüşlər keçiriləcək
Trampın sabah Pekində Tiananmen meydanında rəsmi qarşılanma mərasimində iştirak edəcəyi gözlənilir.
Bundan sonra ABŞ prezidenti Çin lideri Si Tsinpin həm təkbətək, həm də nümayəndə heyətləri formatında danışıqlar aparacaq.
Gündəmdə Qərbi Asiya və Hörmüz boğazı var
Görüşlərdə İran ətrafında yaranmış gərginlik və Qərbi Asiyada davam edən müharibə əsas mövzulardan biri olacaq.
Tərəflərin qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazındakı vəziyyəti də müzakirə etməsi gözlənilir.
ABŞ-Çin iqtisadi münasibətləri də müzakirə olunacaq
Səfərin mühüm istiqamətlərindən biri Vaşinqton və Pekin arasındakı iqtisadi və ticarət problemləri olacaq.
Son illərdə tərəflər arasında gömrük rüsumları, texnologiya məhdudiyyətləri və nadir torpaq elementləri ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Müvəqqəti razılaşma əldə olunmuşdu
ABŞ və Çin nümayəndə heyətləri ötən il Cenevrə, London, Stokholm, Madrid və Kuala Lumpurda bir neçə mərhələli danışıqlar aparmışdı.
Tərəflər qarşılıqlı tarif artımlarını müvəqqəti dayandırmaq və iqtisadi mübahisələrin həlli üçün çərçivə razılaşması əldə etdiklərini açıqlamışdılar.
2025-ci ilin oktyabrında Busanda keçirilən Tramp-Si görüşündən sonra da əlavə gömrük tariflərinin bir il müddətinə təxirə salınması barədə qərar qəbul edilmişdi.
