“The New York Times”ın araşdırması
ABŞ ordusu ötən həftə İranın cənubunda yerləşən Qeşm adasında yaşayış evinə 907 kiloqramlıq bomba ataraq mülki ailənin ölümünə səbəb olmaqda ittiham edilir.
Bu barədə “The New York Times” qəzetinin yayımladığı araşdırmada bildirilir. Nəşrin təhlilinə görə, hadisə ABŞ-nin son beş ayda İrana qarşı davam etdirdiyi hərbi əməliyyatlarla bağlı yeni suallar doğurur.
Bir ailənin üç üzvünün öldüyü bildirilir
Qəzetin araşdırmasına əsasən, ABŞ qüvvələri ötən cümə axşamı Qeşm adasının yaşayış məhəllələrindən biri olan Çah Tanqu bölgəsinə “Mark 84” tipli, 907 kiloqram ağırlığında bomba atıb.
Qeyd olunur ki, zərbə nəticəsində ata, ana və onların iki yaşlı övladı şəhid olub.
Məlumata görə, partlayış yerində təxminən 9 metr diametrində çuxur yaranıb.
İki uşaq dağıntılar altından sağ çıxıb
Araşdırmada qeyd edilir ki, ailənin digər iki uşağı dağıntılar altından sağ çıxarılıb.
“The New York Times” bildirir ki, hadisə ilə bağlı fotoşəkillər, videogörüntülər və peyk təsvirləri silah üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən təhlil edilib.
Ekspertlərin rəyinə əsasən, zərbənin vaxtı və koordinatları həmin dövrdə ABŞ ordusunun bölgədə həyata keçirdiyi əməliyyatlarla üst-üstə düşür.
Hərbi obyekt aşkarlanmadığı qeyd edilir
Qəzet araşdırma zamanı hədəfə alınan yaşayış evinin yaxınlığında hər hansı hərbi obyektə dair sübut aşkar etmədiyini bildirib.
Nəşr ABŞ ordusunun yaşayış məntəqəsinə qarşı arsenalındakı ən güclü partlayıcı bombalardan birini tətbiq etməsinin səbəbləri ilə bağlı suallar qaldırıb.
Təxminən 20 evə ziyan dəyib
“The New York Times” İran rəsmilərinə istinadən yazır ki, ABŞ-nin hava zərbəsi nəticəsində bölgədə təxminən 20 yaşayış evi müxtəlif dərəcələrdə zədələnib.
Məlumata görə, ABŞ qüvvələrinin həyata keçirdiyi digər zərbələr nəticəsində şəhərdən kənarda yerləşən anbarlar da dağıdılıb.
Ekspertlər bombanın növünü qiymətləndiriblər
ABŞ ordusunun keçmiş partlayıcı sursat üzrə mütəxəssisi və “Armament Research Services” təşkilatının analitiki Trevor Boll qəzetə bildirib ki, hadisə yerində yaranmış iri çuxur və binalardakı struktur dağıntıları 907 kiloqramlıq “Mark 84” bombasının istifadəsi ilə uyğunluq təşkil edir.
Onun sözlərinə görə, həmin bomba JDAM tipli idarəolunan sistemlə də təchiz oluna bilər.
Fransalı sursat üzrə ekspert Frederik Qras da eyni fotoşəkilləri təhlil etdikdən sonra bu qiymətləndirməni təsdiqləyib.
Qrasın fikrincə, bomba əvvəlcə binaya nüfuz edib, daha sonra yerin altında partlayaraq genişmiqyaslı dağıntılara səbəb olub.
ABŞ tərəfindən rəsmi açıqlama verilməyib
“The New York Times”ın araşdırmasında yer alan məlumatlarla bağlı ABŞ Müdafiə Nazirliyinin və ya digər rəsmi qurumlar açıqlama verməkdən qaçınıb.

