Teoloji Aşınma və Geosiyasi Fürsətçilik: Səlahəddin Özgündüzün Şəxsində Siyasi Müzakirənin Təhlili

8 Dəq Oxuma Müddəti

Giriş

Dini ritorikanın siyasi hakimiyyət münasibətlərində vasitəyə çevrilməsi tarix boyunca teoloji prinsiplərin aşınmasına və dini xadimlərin legitimlik böhranı ilə üzləşməsinə səbəb olmuşdur. Türkiyədəki Cəfəri/Şiə cəmiyyətinin çox kiçik bir hissəsini təmsil edən və özünü “Türkiyə Cəfərilərinin Lideri” titulu ilə təqdim etməyə çalışan Halkalı Zeynəbiyyə məscidinin imamı Səlahəddin Özgündüz bu teoloji-siyasi aşınmanın və fürsətçi dönüşümün tipik nümunəsidir.

Özgündüzün istifadə etdiyi jarqon ifadələr və dağıdıcı üslub təmsil etdiyini iddia etdiyi Əhli-beyt məktəbinin əxlaqi və elmi prinsipləri ilə ziddiyyət təşkil edir. Onun siyasi hakimiyyətə yaxınlaşmaq cəhdləri isə şiə məzhəbinin əsas etiqadi prinsiplərinin belə qurban verildiyi praqmatizmə işarə edir.

1. Sosioloji Dəstəyin Olmaması və Hakimiyyətə Bağlanma

Özgündüzün ictimai müstəvidə formalaşdırmağa çalışdığı “liderlik” illüziyasının Cəfəri cəmiyyətinin geniş təbəqələri arasında sosioloji qarşılığı yoxdur.

Ətrafındakı dar çevrədən başqa Türkiyə Cəfəriləri arasında ciddi qəbul edilməyən bu şəxs legitimlik çatışmazlığını dövlət və hakimiyyət mexanizmləri ilə qurduğu himayədarlıq münasibətləri vasitəsilə aradan qaldırmağa çalışır.

Belə ki, onun Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış Ələvi-Bəktaşi Mədəniyyəti və Cemevləri Başqanlığının Məşvərət Şurasına üzv təyin edilməsi hakimiyyət daxilində mövqe tutmasının konkret təzahürüdür.

Lakin Cəfəri cəmiyyətinin və təşkilatlarının böyük əksəriyyəti bürokratik nəzarət mexanizmi kimi gördükləri bu qurumu və Özgündüzün oradakı iştirakını rədd etmiş, tanımamışdır.

Bu vəziyyət Özgündüzün cəmiyyət arasında təmsilçilik gücünün olmadığını, əksinə, rəsmi qurumlar tərəfindən əlverişli bir “vitrin fiquru” kimi qiymətləndirildiyini ortaya qoyur.

2. Teoloji Geriləmə, Məzhəbi Prinsipsizlik və Üslub Problemi

İslam elmi ənənəsində, xüsusilə şiə hövzə mədəniyyətində dini rəhbərliyin, mərcəiyyətin və alimlik məqamının ən əsas meyarları elmi səriştə, təqva və əxlaqi kamillikdir (əxlaq elmi).

Bunun əksinə olaraq, Özgündüzün ədəb-ərkandan uzaq, təhqiramiz və küçə jarqonu ilə dolu ifadələri minbər və mehrab məqamının tələb etdiyi vüqardan tamamilə uzaqdır.

Hakimiyyətə yarınmaq və mövcud siyasi şəraitə uyğunlaşmaq qayğısı Özgündüzü şiə etiqadının əsaslarını, əqidə və fiqh prinsiplərini zəiflətmək, hətta açıq şəkildə rədd etmək nöqtəsinə gətirib çıxarmışdır.

Onun İsraillə davam etdirilən ticarət əlaqələrini tənqid edənlərə qarşı səsləndirdiyi bu ifadələr:

“Radikalların dediklərini məntiqli hesab etməyin. Ticarəti dayandırmıram, ayə! Niyə? Bəlkə mən onu istismar edirəm? Əgər dayandırsam, onun arxasındakı qüvvələr də mənimlə əlaqələri kəsəcək. Bundan kim zərərli çıxacaq? Onun mənə ehtiyacı yoxdur, onun ehtiyaclarını yenə ödəyəcəklər, amma mən ortada qalacağam. Hökumət bu məsələdə düzgün addım atır. Heç kim cənab Ərdoğandan daha çox Qüds tərəfdarı olduğunu iddia etməsin”.

Teoloji və siyasi prinsipsizliyin ibrətamiz nümunəsidir.

Bu ritorika həm Fələstin məsələsinin və antisionist prinsiplərin mənfəətçi yanaşmaya qurban verildiyini, həm də hakimiyyət mərkəzinə təqdim olunan məzmunsuz sədaqət bəyanatını açıq şəkildə nümayiş etdirir.

Eyni şəkildə, Azərbaycandakı hicab qadağasını və dini təzyiqləri tənqid edənləri təhqirlərlə hədəfə alaraq “ölkədə hicab qadağasının olmadığını” iddia etməsi onun ədalət prinsipindən daha çox mövcud siyasi şəraitdə güc mərkəzlərinin tərəfində dayandığının göstəricisidir.

3. Atlantik Layihələri Çərçivəsində Alternativ Mədrəsə Modeli və Geosiyasi Funksiya

Özgündüzün türkçülük və irqçi-millətçi ünsürlərlə qarışdırdığı dini ritorika regional geosiyasətdə son dərəcə təhlükəli bir missiyaya xidmət edir.

Dini ünsürləri etnik xətlər əsasında yenidən müəyyənləşdirmək cəhdi ümumbəşəri şiə məktəbinin əhatəliliyini iflic etməyi hədəfləyir.

Keçmişdə İran İslam İnqilabının Rəhbərini və bölgədəki yüksək səviyyəli dini nüfuz sahiblərini hədəfə alan “Sən necə ayətullahsan?” kimi səthi çıxışları təsadüfi deyil.

Bu mövqe şiəliyin tarixi, elmi və mənəvi mərkəzləri olan Qum (İran) və Nəcəf (İraq) mədrəsələrinə, eləcə də Vilayəti-fəqih məqamına alternativ bir “Halkalı Zeynəbiyyə” mərkəzi yaratmaq iradəsinin tərkib hissəsidir.

Memarlıq quruluşunun hər cəhətdən İmam Əli və İmam Rzanın hərəmlərinin təqlidi olması belə bu təəssüratı kifayət qədər gücləndirir.

Zahirən “Avrasiyaçı” və ya “milli” ritorikanın arxasında gizlənən bu addım mahiyyət etibarilə Atlantikçi strategiyaların regional hesablamaları ilə tam üst-üstə düşür.

Elmi Mərkəzlərin Təsirsizləşdirilməsi

Əsrlik hövzə ənənəsini təmsil edən Qum və Nəcəfin intellektual və mənəvi nüfuzunu sarsıtmaq, idarə oluna bilən, etnik-millətçi sərhədlərə həbs edilmiş, məhdud bir şiəlik anlayışı formalaşdırmaq.

Bunu da şəxsən şiəliyin əsas baxış və rəvayətlərindən olan Həzrət Fatimənin evinin qapısının yandırılması hadisəsini inkar etməklə, İmam Zeynəlabidinin bir xütbəsində Yezidin əsgərlərini İslam əsgərləri kimi təqdim edib təriflədiyini iddia etməklə, ikinci xəlifə Ömər ibn Xəttab İmam Əlini çağırdıqda onun ayaqyalın və yarıçılpaq halda qaçaraq hüzuruna getdiyini irəli sürməklə həyata keçirməyə çalışır.

Bununla yanaşı, bir çox başqa məsələlərdə də şiəliyin inanclarını rədd edərək Əli ibn Əbu Talib şiəliyi təlimini təhrif etmək və onu mahiyyəti zəiflədilmiş mötədil bir istiqamətə yönəltmək missiyasını da öz üzərinə götürmüşdür.

Bu istiqamətdəki ziddiyyətli davranışları hər iki elmi mərkəzin nüfuz sahiblərinin də diqqətini çəkdiyindən onunla münasibətlərdə ehtiyatlı davranılmış, ona məhdud maraq göstərilmiş, hətta kənarlaşdırılmışdır.

Müqavimət Oxunun Zəiflədilməsi

Bölgədəki antiimperialist və antisionist cəbhələrin dini-məzhəbi dayaqlarını daxildən sarsıtmaq, şiə dünyasını öz daxilində məzhəbi və etnik ziddiyyətlər əsasında parçalayaraq müqavimət imkanlarını iflic etmək.

Özgündüz Qarabağ müharibəsində İsraillə əməkdaşlıq edən Əliyevi Ali Baş Komandan elan etmiş, eyni zamanda sionizmin yaydığı “İran Ermənistana yardım edir” iddiasını dəstəkləyən məzmunda İranın siyasətini tənqid etmişdir.

Özgündüz 2022-ci ildə Məhsa Əmininin saxlanılarkən həyatını itirməsindən sonra qlobal imperializmin böhtanlarına, yalanlarına və linç kampaniyasına qoşularaq İran rejiminə və onun fəaliyyətinə kəskin etiraz etmişdir.

O, Rəhbərlik məqamına və dövlət idarəçiliyinə müraciət edərək:

“İslamı çürütmüsünüz! Bütün dünya sizin rüsvayçılığınıza baxır!”

və

“Tüpürüm sənin cənnətinə! Biz Allahın cənnətini istəyirik, ey yobaz molla! Sənin cənnətin özünə qalsın!”

sözləri ilə İran İslam Respublikasını sərt şəkildə tənqid etmişdi.

Parçalanmaya Səbəb Olan və Hakimiyyətyönlü Dini Ritorika

Həqiqi teoloji biliklərdən məhrum olan, hakimiyyətin siyasətini müdafiə edən Özgündüz daxili ictimaiyyətdə parçalanmaya səbəb olan “milli cəfərilik” anlayışı yaratmağa çalışmış və bu istiqamətdə siyasət formalaşdırmışdır.

O, hər bir halda hakimiyyətin absurd işlərini və səhvlərini müdafiə etməyi özünə prinsip seçmişdir.

Bunun qarşılığını isə AKP-nin diqqətini qazanmaqla, xüsusi işıq siqnalları ilə təchiz olunmuş mühafizə vasitəsilə qorunmaqla və daha sonra Ələvi-Bəktaşi Qurultayına üzv təyin edilməklə almışdır.

İstər daxili, istərsə də xarici siyasətdə hər məsələ ilə bağlı minbərə çıxıb mənasız danışmağı, hakimiyyəti ucaltmaq naminə çirkin və kobud ifadələrlə açıqlamalar verməyi, həqiqəti şəraitə uyğun təhrif etməyi özünə prinsip və vəzifə seçmişdir.

Nəticə

Səlahəddin Özgündüz nümunəsi teoloji prinsiplərdən və əxlaqdan məhrum dini fiqurların siyasi hakimiyyətlər və qlobal güc mərkəzlərinin əlində necə manipulyasiya vasitəsinə çevrildiyinin açıq sübutudur.

Azərbaycandakı hüquq pozuntularına göz yuman, İsraillə ticarəti qeyri-əxlaqi və jarqon ifadələrlə müdafiə edən, Qum və Nəcəf kimi tarixi elm mərkəzlərinə alternativ yaratmaq xülyası ilə hərəkət edən bu düşüncə nə Cəfəri cəmiyyətinin, nə də Əhli-beyt məktəbinin legitim təmsilçisidir.

Özgündüz qlobal Atlantik layihələri ilə yerli hakimiyyət hesablarının kəsişmə nöqtəsində mövqe tutmuş, cəmiyyətdə qarşılığı olmayan və aqressiv ritorikası səbəbindən marjinal qalmağa məhkum bir fürsətçilik nümunəsidir.

Bu vəziyyəti ilə o, qlobal güclərin diqqətini özünə cəlb etmiş və onların məqsədləri istiqamətində istifadə olunmağa əlverişli bir xarakter nümayiş etdirmişdir.

Fatih Bilgin

Bu Xəbəri Paylaş
Şərh edilməmiş