Tehran Vaşinqtona Sərt Cavab vVerdi: Yəmən və İraqla Bağlı İttihamlar Yalandır

3 Dəq Oxuma Müddəti

İran: Omanla razılaşma yalnız iki ölkəyə aiddir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranla Oman arasında su yollarının müəyyənləşdirilməsi ilə bağlı əldə edilən razılaşmanın yalnız iki ölkənin suveren hüquqları çərçivəsində olduğunu bildirib.

Bəqayi regional məsələlərlə bağlı açıqlamasında Səlalədə keçirilməsi nəzərdə tutulan görüşün ləğv edildiyini deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Yəməndə baş verən son hadisələri əsas gətirərək görüşün başqa tarixə keçirilməsini istəyib.

İran rəsmisi Tehranla Maskat arasında əldə edilən razılaşmanın üçüncü ölkələrə qarşı yönəlmədiyini və məsələnin İranla Omanın suverenliyi çərçivəsində qiymətləndirilməli olduğunu vurğulayıb.

Tehran Yəmənlə bağlı ittihamları rədd edir

Bəqayi İranın Yəmənə aid məsələlərə müdaxilə etməsi barədə səsləndirilən fikirləri rədd edib. O bildirib ki, bəzi dövlətlər bölgədəki hadisələrdən Tehrana qarşı istifadə etməyə çalışırlar.

İran XİN sözçüsünün sözlərinə görə, Yəmən tərəfi qərarlarını özü verir və ölkədə uzun illərdir davam edən müharibə və mühasirə şəraitində öz hüquqları uğrunda mübarizə apardığını bildirir.

Bəqayi region ölkələrini mövcud vəziyyəti düzgün qiymətləndirməyə və baş verən hadisələrə görə digər dövlətləri ittiham etməkdən çəkinməyə çağırıb.

O, davamlı şəkildə eyni ittihamların səsləndirilməsinin regional gərginliyin aradan qaldırılmasına xidmət etmədiyini vurğulayıb.

Tehran: Sionist rejim regional böhranlardan faydalanmaqda davam edir

İran XİN sözçüsü bölgədə davam edən qarşıdurmaların əsas fayda götürən tərəfinin işğalçı İsrail olduğunu bildirib.

Bəqayinin fikrincə, müsəlman ölkələri arasındakı böhranların, siyasi qarşıdurmaların və təhlükəsizlik problemlərinin davam etməsi sionist rejimin regional maraqlarına xidmət edir.

Tehran bu səbəbdən region dövlətlərini qarşılıqlı ittihamlardan uzaq durmağa və mövcud böhranların həlli üçün regional əməkdaşlığı gücləndirməyə çağırır.

İraqdan Səudiyyə Ərəbistanına hücumlarla bağlı açıqlama

Bəqayi ABŞ rəsmilərinin İrandan İraq istiqamətində həyata keçirilən hücumlarla bağlı səsləndirdiyi ittihamlara da münasibət bildirib.

İran rəsmisi İraq ərazisindən Səudiyyə Ərəbistanına istiqamətlənən hücumlarda Tehranın rolunun olması barədə ABŞ tərəfindən irəli sürülən fikirləri “tamamilə yalan” adlandırıb.

Tehran bununla İraq və Yəməndəki silahlı proseslərin İran tərəfindən idarə olunması barədə ittihamları qəbul etmədiyini bir daha bəyan edib.

İran ABŞ-dan təzminat tələb edir

İran XİN sözçüsü Vaşinqtonun dəniz yollarının təhlükəsizliyini qoruduğunu bildirməsinə də etiraz edib.

Bəqayi ABŞ-ı İran sahilləri yaxınlığında ölkəsinə məxsus qayıq və gəmilərə qarşı hücumlar həyata keçirməkdə günahlandırıb. O, Vaşinqtonun bir tərəfdən naviqasiya təhlükəsizliyindən danışdığını, digər tərəfdən isə İranın dəniz vasitələrinə qarşı hərəkətlər etdiyini söyləyib.

İran rəsmisi ABŞ-dan Tehrana qarşı bütün hücum və təzyiqləri dayandırmağı tələb edib. Bəqayi, həmçinin İranın bu fəaliyyətlər nəticəsində məruz qaldığı zərərin ödənilməli olduğunu bildirib.

“İran təcrid edilə biləcək dövlət deyil”

Bəqayi açıqlamasının sonunda İranın regional və beynəlxalq sistemdən kənarlaşdırılmasının mümkün olmadığını vurğulayıb.

“İran təcrid edilə biləcək dövlət deyil”, – deyə XİN sözçüsü bildirib.

Tehranın son açıqlaması Yəməndə qarşıdurmaların şiddətləndiyi, İraqdan Səudiyyə Ərəbistanına hücumlarla bağlı müzakirələrin davam etdiyi və Hörmüz boğazındakı təhlükəsizlik məsələsinin yenidən regional gündəmin əsas mövzularından birinə çevrildiyi dövrə təsadüf edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş