İdlibdə faciəvi partlayış baş verdi
Suriyanın İdlib bölgəsinə bağlı Ayn əl-Qasab kəndində yaşayış evlərindən birində güclü partlayış baş verib.
Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, hadisədən sonra əraziyə xilasetmə və təhlükəsizlik qrupları cəlb olunub. Hadisə yerində axtarış-xilasetmə işləri aparılıb.
İlkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar arasında uşaqlar da var
Məlumata görə, yaralanan şəxslər arasında uşaqların da olduğu bildirilib. Onlar tibbi yardım üçün xəstəxanaya yerləşdiriliblər.
Hadisənin baş verdiyi evdə araşdırmalar aparılır və partlayışın dəqiq səbəbləri müəyyənləşdirilməyə çalışılır.
Partlayıcı maddələrin səbəb olduğu ehtimal edilir
İlkin araşdırmalar zamanı partlayışın evdə saxlanılan partlayıcı maddələrin səbəb olduğu ehtimal edilir.
Bildirilir ki, həmin maddələr balıqçılıq fəaliyyətlərində istifadə üçün nəzərdə tutulub. Lakin onların hansı şəraitdə partladığı və evdə niyə saxlanıldığı ilə bağlı araşdırma davam edir.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən əlavə məlumatların veriləcəyi gözlənilir.
