Xəstəxana yaxınlığına zərbə endirildi
“Əl-Məyadin” telekanalının Cənubi Livandakı müxbiri sionist rejim ordusunun pilotsuz uçuş aparatı ilə Nəbatiyyə bölgəsinin Tul qəsəbəsində yerləşən Şeyx Rağib Hərb xəstəxanasının ətrafını vurduğunu bildirib.
Məlumata görə, ilk hücumdan dərhal sonra hadisə yerinə yollanan təcili yardım briqadaları da yenidən hədəfə alınıb.
Hücum nəticəsində “Ər-Risalə” sağlamlıq və təcili yardım təşkilatının bir neçə əməkdaşının yaralandığı qeyd olunub.
Mifdun bölgəsində bir nəfər həyatını itirdi
Livanın Milli Xəbər Agentliyi işğalçı rejim ordusunun Mifdun yolunda avtomobili hədəf alması nəticəsində bir nəfərin şəhid olduğunu açıqlayıb.
Bundan əlavə, rejim ordusunun pilotsuz uçuş aparatı Nəbatiyyə bölgəsinin Bəriqəa qəsəbəsi yaxınlığında motosikleti vurub. Sur bölgəsinin Hənaviyə qəsəbəsində isə avtomobilə zərbə endirildiyi bildirilib.
Bir sıra yaşayış məntəqələri bombardman edilib
Sionist rejim ordusunun Cənubi Livandakı Cumeycimə, Dəbbin, Deyr Kifa, Haruf, Nəbatiyyə, Zuğut əl-Şərqiyyə və digər yaşayış məntəqələrinə hava hücumları təşkil etdiyi qeyd olunub.
Artilleriya atəşləri isə Bəraşit, Həbuş, Deyr əz-Zəhranı və Kəfur qəsəbələrini hədəf alıb.
Müxbirin məlumatına görə, rejimin döyüş təyyarələri Mərciyun bölgəsinin Dəbbin qəsəbəsinə də zərbələr endirib.
Ölən və yaralananların sayı artır
Bu gün səhər saatlarında işğalçı rejim ordusunun Həbuş yolunda avtomobili vurması nəticəsində iki nəfərin şəhid olduğu bildirilib.
Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, Ənsariyyə qəsəbəsinə edilən hava hücumu zamanı isə üç nəfər şəhid olub, yeddi nəfər yaralanıb.
Ötən gün Beyrutun cənubundakı Haret Hreyk bölgəsinə təşkil edilən sionist rejim hücumunda da iki nəfərin şəhid olduğu, yeddi nəfərin yaralandığı açıqlanmışdı.
Hücumlar atəşkəsə baxmayaraq davam edir
İşğalçı rejimin Livana qarşı hücumları aprelin 16-dan 17-nə keçən gecə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq davam edir.
Atəşkəs ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilmiş, daha sonra isə ilkin olaraq 10 günlük nəzərdə tutulan müddət üç həftə uzadılmışdı.
Buna baxmayaraq, bölgədə qarşılıqlı hücumlar və hava zərbələri səngiməyib.
