Sionist rejim polisi ravvini saxladı
İşğal altındakı Fələstin torpaqlarının şimalındakı Meron bölgəsində fəaliyyət göstərən ravvin Yosef Şoveli ciddi cinsi cinayətlər işi üzrə saxlanılıb.
İşğalçı rejim polisi bildirib ki, 54 yaşlı ravvin çərşənbədən cümə axşamına keçən gecə gizli araşdırmadan sonra həbs edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onun barəsində çoxsaylı şikayətlər daxil olub.
İstintaq materiallarında Şovelinin uzun illər ərzində tərəfdarları üzərində ciddi nəzarət sistemi qurduğu bildirilir.
“İnsanları özündən tam asılı vəziyyətə salırdı”
“Walla” nəşrinin məlumatına görə, işlə bağlı mənbələr ravvinin dini təsir adı altında insanları tam nəzarət altına aldığını deyiblər.
Mənbələrin sözlərinə görə, Şoveli insanların gündəlik həyatına müdaxilə edir, onları ailələrindən uzaqlaşdırır və tam şəkildə özündən asılı vəziyyətə salırdı.

Bildirilib ki, bəzi şəxslər faktiki olaraq onun xidmətçilərinə çevrilmişdi.
Təşkilata qarşı 16 ifadə toplanıb
İsrail Kult Qurbanları Mərkəzi ötən həftə Yosef Şoveli ilə bağlı xəbərdarlıq yaymışdı.
Mərkəz açıqlamasında ravvinlə bağlı ümumilikdə 16 ifadənin toplandığını bildirib. Şahidlər arasında təşkilatın daxili çevrəsində olmuş şəxslər və ultraortodoks yəhudi icmasının üzvləri də yer alır.
İfadələrdə qrup daxilində qorxu mühiti, ailə münasibətlərinin pozulması, psixoloji asılılıq və istismar hallarının olduğu qeyd edilir.
Cinsi istismar hallarından danışılır
Şikayət edən dörd nəfər Yosef Şovelinin onları cinsi istismara məruz qoyduğunu bildirib.
Onların sözlərinə görə, ravvin bu hərəkətləri “ruhani və mənəvi əməl” kimi təqdim edib.
Şahidlər həmçinin digər qrup üzvlərinə qarşı da oxşar halların baş verdiyini deyərək təşkilat daxilində sistemli istismarın olduğunu bildiriblər.
Üzvlərin şəxsi həyatına tam nəzarət edildiyi deyilir
Kult Qurbanları Mərkəzinin məlumatına görə, qrupun daxili çevrəsində üzvlərin şəxsi həyatına tam nəzarət olunurdu.
Bəzi şəxslərin ailə qurmaq üçün belə ravvinin icazəsini almağa məcbur olduğu qeyd olunub.
Məlumata əsasən, bəzi üzvlər hətta soyadlarını dəyişdirərək “Şoveli” soyadını qəbul ediblər.
Pulsuz xidmət göstərdikləri bildirilir
Mərkəz bildirib ki, qrup üzvləri ravvin üçün ev təmizliyi aparır, uşaqlarına baxır və müxtəlif gündəlik işləri maaş almadan yerinə yetirirdilər.
Qeyd olunub ki, üzvlər bu vəziyyəti “şərəfli vəzifə” və “missiya” kimi qəbul edirdilər.
Yosef Şoveli isə bütün ittihamları rədd edib və yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Dini icmalarda istismar məsələsi yenidən gündəmdədir
Ötən il sionist rejimin qondarma parlamentində keçirilən dinləmələrdə ultraortodoks və dini icmalarda cinsi istismar hallarına dair çoxsaylı ifadələr səsləndirilmişdi.
Qurbanlar bəzi dini şəxslərin dini nüfuzdan istifadə edərək zorakılıq və istismarı əsaslandırmağa çalışdıqlarını bildiriblər.
