İşğalçı İsrailin planının həyata keçirilməsinə imkan verməyəcəyik
Hizbullahın baş katibi Şeyx Nəim Qasim müqavimətin zülmə səbrinin həddi olduğunu bildirib.
“Təhlükənin yaxınlaşdığını hiss etdikdə onun qarşısını alacaq, varlığımızı və hüquqlarımızı müdafiə edəcəyik”, – deyə Şeyx Qasim vurğulayıb.
O, işğalçı İsrailin planının həyata keçirilməsinə imkan verməyəcəklərini, müqavimətin varlığını və Livanı müdafiə etmək, ölkəni dağıtmaq istəyənlərə qarşı mübarizə aparmaq üçün ən böyük fədakarlıqlara hazır olduqlarını bildirib.
Şəhid Seyid Haşim Səfiəddinin müəllifi olduğu “Nəhcül-bəlağə”nin şərhi ensiklopediyasının təqdimatı münasibətilə çıxış edən Şeyx Qasim suverenliyin bütün torpaqların azad edilməsindən başladığını qeyd edib.
“Azadlıq olmadan suverenlik, asılılıq şəraitində isə müstəqillik olmaz”, – deyə o bildirib.
Şeyx Qasim Livandakı yeganə təhlükənin işğalçı İsrailin təcavüzü olduğunu və bu təcavüzə qarşı mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, tam suverenlik işğalçı İsrailin hücumlarının dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, Livan ordusunun Litani çayının cənubunda yerləşdirilməsi, əsirlərin azad edilməsi, dağıdılmış kəndlərin bərpası və sakinlərin öz yurdlarına qayıtması ilə təmin oluna bilər.
Daxili anlaşma qapısı açıq qalır
Hizbullahın baş katibi partiyanın daxili anlaşmaya hazır olduğunu, milli birliyin və vətəndaş sülhünün qorunmasının vacibliyini bildirib.
O, Livan ordusunun öz vəzifəsini yerinə yetirməsi üçün dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
Şeyx Qasim işğalçı İsrail qüvvələrinin geri çəkilməsindən sonra müstəqillik və suverenlik şəraitində milli təhlükəsizlik strategiyasının müzakirəsinə ciddi yanaşdıqlarını açıqlayıb.
Saxlanılan beş gəncin azad edilməsi tələb olunub
Şeyx Qasim Livan hakimiyyətindən Batrunda saxlanılan beş gəncin azad edilməsini tələb edərək onların təqsirli bilinmədiklərini bildirib.
O, Zəhr əl-Beydər gənclərinin müqavimət sıralarında olduqlarını, fəaliyyətlərinin qanuni xarakter daşıdığını və müqavimətin hazırlığı çərçivəsində adi vəziyyətdə olduqlarını qeyd edib.
Müstəqillik çıxışında təcavüzlə müqavimət eyniləşdirilib
Şeyx Nəim Qasim Livan prezidentinin Müstəqillik Günü münasibətilə etdiyi çıxışı tənqid edib.
Onun fikrincə, prezident işğalçı İsrail və ABŞ-nin təcavüzünü, dağıntılar törədən işğalçını əzab çəkən, çətinliklərə dözən və fədakarlıqlar göstərən Livan milli müqaviməti və onun xalqı ilə eyniləşdirib.
Şeyx Qasim Konstitusiyaya əsasən, prezidentin milli birliyin, Konstitusiyaya hörmətin və ölkənin müstəqilliyinin qorunmasının rəmzi olduğunu xatırladıb.
“Müstəqillik Günü münasibətilə edilən çıxış Livan cəmiyyətinin geniş təbəqələri arasında ciddi mübahisələrə səbəb olursa, deməli, həmin çıxış yerində olmayıb”, – deyə o bildirib.
ABŞ Livan hakimiyyətinə təzyiq göstərir
Hizbullahın baş katibi ABŞ-nin işğalçı İsrailin maraqları naminə güzəştlərə getməsi üçün Livan hakimiyyətinə təzyiq göstərdiyini bildirib.
“ABŞ-nin və onunla birlikdə müdaxilə edən bəzi regional dövlətlərin himayəçiliyi şəraitində müstəqillik təmin oluna bilməz. ABŞ səfirinin diktəsinə boyun əymək Livanın parçalanmasına və dağıdılmasına gətirib çıxarır”, – deyə Şeyx Qasim vurğulayıb.
O, Livandakı bəzi əsas siyasi qüvvələrin işğalçı İsrailin həyata keçirə bilmədiyi planlarına xidmət edən addımlara qoşulmasını anlaşılmaz adlandırıb.
“Güzəştlər və təslimçilik bu hakimiyyət dövrünün səciyyəvi xüsusiyyətinə çevrilibmi? Xüsusilə də Livanı hər şeydən məhrum edən və işğalçı İsrailə istədiyini verən çərçivə sazişindən sonra”, – deyə o bildirib.
Müqavimət milli legitimliyə malikdir
Şeyx Qasim hakimiyyətin uğursuzluğundan və öz fəaliyyəti ilə suverenliyi təhlükə altında qoymasından sonra müqavimətə böhtan atılmasının yolverilməz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Livanda müqavimət milli legitimliyə malikdir və xalqla birlikdə ölkənin müdafiəsi naminə ağır bədəllər ödəyir.
Şeyx Qasim müqavimətin böyük bir boşluğu doldurduğunu, dövlətin məsuliyyət daşıdığı, lakin yerinə yetirə bilmədiyi vəzifəni öz üzərinə götürdüyünü bildirib.
İran Livana dəstək göstərib
Hizbullahın baş katibi çıxışının sonunda İranın Livanın yanında dayandığını və ona dəstək göstərdiyini vurğulayıb.
“Biz İran üçün fəaliyyət göstərmirik, əksinə, İran bizim üçün ağır yükləri öz üzərinə götürür”, – deyə Şeyx Nəim Qasim bildirib.
