SEPAH: İki tanker hədəfə alınıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda Hörmüz boğazından İran hakimiyyətinin əvvəlcədən elan etmədiyi marşrutla keçməyə cəhd göstərən iki neft tankerinin hədəf alındığını bildirib.
SEPAH-ın açıqlamasına görə, hadisədən sonra hər iki tanker üzməni dayandırıb.
“Xəbərdarlıqlar nəzərə alınmayıb”
Bəyanatda qeyd olunub ki, sözügedən tankerlər ABŞ ordusunun hava müşayiəti altında hərəkət edirdi və İran tərəfinin xəbərdarlıqlarına baxmayaraq marşrutlarını dəyişməyiblər.
SEPAH həmçinin bildirib ki, hadisədən sonra daha dörd neft tankeri istiqamətini dəyişərək geri qayıdıb.
ABŞ Mərkəzi Komandanlığının açıqlamasına cavab
SEPAH ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatı “yanlış” adlandıraraq, gəmi sahiblərinə və sığorta şirkətlərinə ABŞ-ın açıqlamalarına etibar etməmələri barədə xəbərdarlıq edib.
Bəyanatda qeyd olunub ki, hadisə nəticəsində zərər çəkdiyini hesab edən tərəflər aidiyyəti İran qurumlarına müraciət edə bilərlər.
Hörmüz boğazı ilə bağlı yeni xəbərdarlıq
SEPAH bir daha bəyan edib ki, ABŞ ordusunun gəmilərə verdiyi göstərişlər və müdaxilələr cavabsız qalmayacaq.
Korpusun açıqlamasına görə, Hörmüz boğazında hərəkət yalnız İranın müəyyən etdiyi prosedurlar çərçivəsində mümkündür və ABŞ Mərkəzi Komandanlığının boğazda gəmiçiliyin maneəsiz davam etməsi ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

