Rzayi: Hörmüz Tam Bağlanıb, Yeni Raket Sınaqdan Keçirilib

4 Dəq Oxuma Müddəti

Rzayi: Hörmüz boğazı tamamilə bağlanıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general Möhsün Rzayi İran televiziyasına açıqlamasında Hörmüz boğazının “tamamilə bağlandığını” bildirib.

Rzayi ABŞ Prezidenti Donald Trampın boğazın açıq qalması ilə bağlı açıqlamasını yenidən təkzib edərək bunu “böyük yalan” adlandırıb.

Onun sözlərinə görə, boğaz bağlanmazdan əvvəl buradan 100 milyon tona yaxın yük daşıyan 100-dən çox gəmi keçirdi. Hazırda isə boğazdan maksimum 7-8 gəminin keçdiyini deyən Rzayi bunların İranın əsas ehtiyac mallarını daşıyan gəmilər olduğunu bildirib.

ABŞ-nin gəmi keçirmək cəhdlərindən danışdı

Rzayi qeyd edib ki, ABŞ böyük məbləğdə vəsait xərcləyərək 5-6 gəmini gizli şəkildə boğazdan keçirməyə çalışır və belə cəhdlər adətən həmin gəmilərin hədəfə alınması ilə nəticələnir.

İran rəsmisinin sözlərinə görə, Tehran gizli şəkildə keçən ABŞ gəmilərini batırmaq barədə qərar verməyib. O bunu həmin gəmilərdəki neft yüklərinin ətraf mühitə vura biləcəyi zərərlə əlaqələndirib.

Hörmüzdən kənarda “qadağan olunmuş bölgə” elan ediləcək

Möhsün Rzayi yaxın günlərdə Hörmüz boğazının xaricində yeni “qadağan olunmuş bölgə”nin elan ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bu bölgə ABŞ dəniz qüvvələrinin mühasirə xəttindən başlayacaq və Fars körfəzinin müəyyən hissələrini əhatə edəcək.

Bölgəyə daxil olan gəmilərə qarşı sanksiya

Rzayi bildirib ki, İran həmin əraziyə daxil olan istənilən gəmini sanksiya siyahısına daxil edəcək.

O, İranın boğazda tətbiq edəcəyi sanksiyaların təsirinin raketlərin təsirindən daha böyük olacağını açıqlayıb.

Rzayinin sözlərinə görə, Tehran yalnız ABŞ-nin İrana qarşı təhdid və hücumlarını dayandıracağı halda Hörmüz boğazını açıq saxlamağı öhdəsinə götürəcək.

Yeni gəmi əleyhinə raket sınaqdan keçirilib

Ali Milli Təhlükəsizlik Şurasının katibi İranın yeni raket sınağı barədə də məlumat verib.

Rzayinin sözlərinə görə, 48 saat əvvəl ilk dəfə olaraq ABŞ hərbi gəmisinin üzərində İranın yeni esmines əleyhinə raketi sınaqdan keçirilib.

“ABŞ qüvvələri geri çəkildi”

Rzayi yeni raketin ABŞ qüvvələri üçün ağır vəziyyət yaratdığını və onların geri çəkildiyini bildirib.

İran rəsmisi raketin xüsusiyyətləri və sınağın digər təfərrüatları barədə əlavə məlumat verməyib.

“Titin” düşərgəsinin vurulduğunu açıqladı

Rzayi bölgədə ABŞ qüvvələrinə qarşı həyata keçirilən əməliyyatlardan da danışıb.

O, İran Silahlı Qüvvələrinin İordaniyadakı ABŞ-nin “Titin” düşərgəsinə ağır zərbələr endirdiyini bildirib.

Rzayinin sözlərinə görə, İran əvvəlcədən ABŞ-yə aid müxtəlif hədəfləri müəyyənləşdirib, lakin ilkin mərhələdə onların bəzilərini qəsdən vurmayıb. O, “Titin” düşərgəsini və Ərbil bölgəsindəki bəzi bazaları buna nümunə göstərib.

Rzayi qeyd edib ki, həmin mövqelərin sonradan hədəfə alınmasından sonra Tramp elan etdiyi 10 günlük müharibədən geri çəkilib və bu plan başlanğıc mərhələsində dayandırılıb.

İqtisadi mühasirə və ərzaq məsələsinə toxundu

Rzayi ABŞ-nin iqtisadi mühasirəsinin İranda aclığa səbəb olacağı barədə deyilənləri də “böyük yalan” adlandırıb.

Onun sözlərinə görə, İran hökuməti mövcud şəraiti əvvəlcədən nəzərə alıb və ölkədə kifayət qədər ərzaq və digər zəruri malların ehtiyatı var.

Rzayi İranın neft satışını davam etdirdiyini və həmin satışlardan əldə edilən vəsaitləri geri aldığını da bildirib.

Danışıqlar üçün ABŞ-dən təminat tələb edildi

İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara da toxunub.

Rzayi bildirib ki, danışıqların davam etdirilməsi üçün ABŞ ilk növbədə İranın etimadını qazanmalıdır.

Onun sözlərinə görə, anlaşma ilə bağlı əsas problemlərdən biri vasitəçilərin verdiyi təminatlara etimad məsələsi olub.

Tehran diplomatiyanı davam etdirməyə hazırdır

Rzayi İranın diplomatik prosesi davam etdirdiyini, lakin bunun üçün real təminatların olmasını şərt qoyduğunu bildirib.

İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəmi Nia isə cümə günü ABŞ ordusunun bölgədə üzləşdiyi problemləri Vaşinqton rəsmilərinin müstəqil dövlətə hücum qərarları ilə əlaqələndirmişdi.

O, ABŞ üçün uyğun yolun mövcud reallıqları qəbul etmək, xərcləri üzərinə götürmək və bölgədən çıxmaq olduğunu bildirmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş