Rusiya NATO-nun fəaliyyətini sərt tənqid edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında bir sıra aktual məsələlərə münasibət bildirib.
NATO-nun Rusiyaya qarşı fəaliyyətini tənqid edən Zaxarova alyansın davranışlarının müharibə istəyindən xəbər verdiyini vurğulayıb.
“NATO ağılsızcasına hərəkət edir. Bu, alyansda strategiya hazırlayanların müharibə etmək arzusunda olduğunu göstərir. Rusiyanın NATO üzvlərinə hücum etmək niyyəti yoxdur. Biz qonşularımız və bütün digər ölkələrlə sülh şəraitində yaşamaq istəyirik”, – deyə Zaxarova bildirib.
Ukrayna böhranı ilə bağlı danışıqlara münasibət
Zaxarova Avropa ölkələrinin Ukrayna böhranının həllinə yönəlmiş danışıqlar prosesində iştirak etməsi ehtimalını da qiymətləndirib.
Onun sözlərinə görə, Avropa ölkələrinin verdiyi bəyanatlar və atdığı addımlar onların bu prosesdə iştirak etməyə hazır olmadığını göstərir.
Kaja Kallasın mövqeyi tənqid olunub
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Avropa adından danışıqlarda iştirak etməsi ehtimalına da toxunub.
Zaxarova bildirib ki, Kallasın danışıqlara qoşulması sülh təşəbbüslərinin pozulmasına gətirib çıxara bilər.
“Kallas vəzifəyə gəldiyi vaxtdan Rusiyaya qarşı mövqe nümayiş etdirir və ölkəmizə reallıqdan uzaq tələblər irəli sürür”, – deyə o qeyd edib.
Rusiya Avropa İttifaqının sanksiyalarına cavab verəcək
Mariya Zaxarova Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyahısını genişləndirmək qərarına da münasibət bildirib.
O, Moskvanın bu qərara cavab verəcəyini vurğulayıb.
Estoniyanın sərhəd qərarına qarşı tədbirlər görüləcək
Zaxarova Estoniyanın dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarını da şərh edib.
Estoniya tərəfi bu qərarı Rusiya kəşfiyyatının göstərişi ilə müdafiə sənayesi müəssisəsinə qarşı təxribat cəhdinin həyata keçirilməsi ilə əsaslandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Estoniyanın qərarını “Dəmir pərdə” dövrü ilə müqayisə edib.
Zaxarova bildirib ki, Moskva bu addıma qarşı siyasi və diplomatik tədbirlər görəcək.
Moldova və ABŞ ilə bağlı açıqlamalar
Mariya Zaxarova Moldovanın Rusiyanı pilotsuz uçuş aparatları vasitəsilə ölkənin hava məkanını pozmaqda ittiham etməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, Moldova tərəfi bu iddialarla bağlı Rusiyaya hər hansı sübut təqdim etməyib.
ABŞ-nin nüvə imkanları diqqətlə izlənilir
Zaxarova ABŞ-nin nüvə potensialını inkişaf etdirmək istiqamətində təşəbbüslərinin Moskva tərəfindən yaxından izlənildiyini də bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Vaşinqton Rusiyanın da nüvə silahına malik olduğunu nəzərə almalıdır.
