Qaanidən Ər-Riyada çağırış
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani Yəmənə qarşı tətbiq olunan blokadanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, blokadanın ləğvi Yəmən xalqının “ədalətli və humanitar tələbi”dir.
“ABŞ-ın təcrübəsindən nəticə çıxarın”
Qaani Səudiyyə Ərəbistanı hökumətini ABŞ-ın “qeyri-məntiqli və ağır nəticələrə səbəb olan siyasətindən” dərs çıxarmağa çağırıb.
Onun sözlərinə görə, Ər-Riyad Yəmənə qarşı blokadanı dayandırmaq istiqamətində addım atmalıdır.
“Qəzzaya dəstək qürur mənbəyidir”
İranlı general Qəzzaya dəstək göstərilməsini qürur mənbəyi kimi qiymətləndirib.
O əlavə edib ki, Yəmən xalqına qarşı blokadanın davam etdirilməsi regionda sabitliyə xidmət etmir.
Tehran siyasi dialoqun vacibliyini vurğulayır
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də Yəmən böhranının hərbi yolla həllinin mümkün olmadığını bəyan etmişdi.
Onun sözlərinə görə, vəziyyətin sabitləşməsi üçün dialoqun bərpası və razılaşdırılmış yol xəritəsinin icrası yeganə çıxış yoludur.
Bab əl-Məndəb boğazı bağlanıb
Qeyd edək ki, Sənadakı hakimiyyət Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiçiliyə cavab olaraq Bab əl-Məndəb boğazını bağladığını açıqlayıb.
Bu addım Yəmənə qarşı tətbiq olunan blokadaya cavab tədbiri kimi qiymətləndirilir.

