Pezeşkian xalqa müraciət edib
İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək bildirib ki, ölkə düşmənlərin bütün plan və təxribatlarına baxmayaraq qətiyyətlə idarə olunub.
Dörd hissədən ibarət müraciətinin ilk bölümündə çıxış edən dövlət başçısı qeyd edib ki, İranın əleyhdarları ölkəyə nəzarəti 48 saat ərzində ələ keçirə biləcəklərini düşünürdülər və bu ssenarini digər ölkələrdə baş verən hadisələrə bənzətməyə çalışırdılar.
“İran güclü dövlət kimi tanınır”
Pezeşkian vurğulayıb ki, bütün çətinliklərə və müharibə şəraitinə baxmayaraq, İran bu gün dünyada güclü və hörmət edilən dövlət kimi qəbul olunur.
O bildirib ki, ölkə hazırda İslam İnqilabından sonrakı dövrün ən mürəkkəb mərhələsini yaşayır və xarici qüvvələr məhz bu şəraitdən istifadə edərək İranı zəiflətməyə çalışırlar.
“Xalqın birliyi planları puça çıxardı”
Prezident deyib ki, xalqla dövlət arasında birlik qorunduğu müddətdə heç bir qüvvə İran İslam Respublikasını sarsıda bilməz.
Onun sözlərinə görə, xarici təzyiqlərin və müxtəlif planların əsas məqsədi cəmiyyətdə narazılıq yaratmaq və etirazları alovlandırmaq olub. Lakin İran xalqı ölkəsini və gələcəyini qorumaq üçün birlik nümayiş etdirərək bu planların qarşısını alıb.
“Heç bir məntiqi izah yoxdur”
Pezeşkian çıxışında ölkə rəhbərliyinə, alimlərə, uşaqlara və dinc əhaliyə qarşı hücumlara da toxunub.
O bildirib ki, bu cür addımların heç bir məntiqi və ya hüquqi əsası yoxdur.
“Liderin şəhid edilməsindən sonra da ölkə ayaqda qaldı”
İran Prezidenti qeyd edib ki, qarşı tərəf əvvəlcə raket hücumları ilə ölkəni çökdürməyə çalışıb. Bu plan uğursuz olduqdan sonra isə İnqilab Rəhbərini şəhid etməklə dövlət sisteminin dağılacağını hesab edib.
Pezeşkian vurğulayıb ki, hadisələr gözlənildiyi kimi inkişaf etməyib, yeni rəhbər seçilib və onun rəhbərliyi ölkənin güc mənbələrindən birinə çevrilib.
“Hədəfləri inkişafımızın qarşısını almaqdır”
Prezident əlavə edib ki, İranın düşmənləri ölkənin elmi potensialına, innovasiyalarına, müqavimət ruhuna və bacarıqlı insanlarına qarşı çıxırlar.
Onun sözlərinə görə, məqsəd İranın inkişaf imkanlarını məhdudlaşdırmaq və ölkənin güclənməsinin qarşısını almaqdır.

