ABŞ ordusunun itkiləri açıqlanıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yaydığı son məlumata görə, fevralın 28-də İrana qarşı müharibənin başlanmasından bu günədək 18 ABŞ hərbçisi ölüb, 624 nəfər isə yaralanıb.
Pentaqonun açıqlamasında bildirilir ki, son günlər İranın endirdiyi zərbələr nəticəsində 4 ABŞ hərbçisi ölüb, daha 140 hərbçi yaralanıb.
İraq və İordaniyada da itkilər qeydə alınıb
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İraq və İordaniyada yerləşən qüvvələri arasında ölən və yaralananların olduğunu açıqlamışdı.
Məlumata görə, İraqın şimalında İrana məxsus olduğu bildirilən kamikadze pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi zamanı bir ABŞ hərbçisi həlak olub, daha biri yaralanıb.
Bundan əlavə, İordaniyada yerləşən Müvəffəq Əs-Səlti (Əl-Əzraq) aviabazasına endirilən İran hücumu nəticəsində daha üç ABŞ hərbçisinin öldüyü bildirilib.
ABŞ-də müharibənin dayandırılması çağırışları artır
ABŞ hərbçilərinin itkilərinin artması fonunda Konqresdə bəzi qanunvericilər İrana qarşı müharibənin dayandırılması çağırışlarını səsləndiriblər.
Onlar münaqişənin daha da genişlənməsinin ABŞ üçün əlavə insan və hərbi itkilərə səbəb ola biləcəyini bildiriblər.
İran əvvəlcədən xəbərdarlıq etmişdi
Bir neçə gün əvvəl İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı yaydığı bəyanatda ABŞ qüvvələrinə qarşı döyüş əməliyyatlarında yeni yanaşmanın tətbiq ediləcəyini açıqlamışdı.
Bəyanatda qeyd olunurdu ki, “İranın hər bir vətəndaşının həlak olması müqabilində bir ABŞ hərbçisi məhv ediləcək”.

