Pakistanın Təhlükəli Yolçuluğu

7 Dəq Oxuma Müddəti

ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərən və bu təşəbbüsü sona qədər dəstəkləyən Pakistanın Yaxın Şərq səhnəsində bu qədər ön plana çıxarılması olduqca düşündürücüdür. Trampın istəyi ilə İran və ABŞ arasında vasitəçi kimi önə çıxdı. Daha sonra Məkkə İttifaqı vasitəsilə Səudiyyə Ərəbistanının “qoruyucu mələyi” olaraq Yəmən missiyasını öz üzərinə götürdü.

Bunu izah etməkdə ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilsondan daha açıq danışan olmadı. O dedi: “Məkkə İttifaqı Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir. Husilərin İran tərəfindən dəstəklənən təcavüzü qarşısında ittifaqı hərəkətə keçirən müttəfiqlərimiz Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına minnətdaram”. Bunu deyən Silahlı Qüvvələr Komitəsinin üzvü və İsrailin qətiyyətli dəstəkçisi Vilsondur.

Bu minnətdarlıq yalnız ABŞ və İsrailin düşməninə qarşı tutulan mövqeyə deyil, eyni zamanda əməliyyat yükünün müttəfiqlər arasında bölüşdürülməsinə yönəlmiş Amerika siyasətinə uyğun cavab verilməsinə görədir. Trampın da bir müttəfiqdə görmək istədiyi məhz budur. Ən yaxşı müttəfiq axşam yatağa girərkən “Bu gün ABŞ üçün nə etdin?” deyə özünə hesabat verən müttəfiqdir.

Tarixi Türkiyəninki qədər olmasa da, Pakistanın xidmətləri deyildikdə ağlımıza 1970-ci illərdən etibarən MKİ-nin rəhbərliyi altında islamçı kadrlarla Əfqanıstana müdaxilələr gəlir. O səhnədən nə qədər aktyorlar çıxdı!

Bununla belə, təəccüblü olan Pakistanın öz qırmızı xətlərini aşındıran meylidir. Ötən il imzalanan ikitərəfli birgə müdafiə sazişi, bu il isə Məkkə İttifaqı vasitəsilə səudiyyəlilərin müharibələrinə şərik olmaları, görünür, dərin minnətdarlıq borcundan qaynaqlanır.

Kredit kanalları, yardımlar, güzəştli və ödənişi təxirə salınmış neft idxalı, həmçinin 2,5 milyondan çox pakistanlının işlə təmin edilməsi Pakistanı səudiyyəlilər qarşısında son dərəcə asılı vəziyyətə salır. İslamabad onilliklərdir bunun əvəzini hərbi sahədə ödəyir.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının Yəmən müharibəsinə şərik olmağın təhlükələri də az deyil. Pakistan Parlamenti 2015-ci ildə Yəmən müharibəsi başlayarkən hökuməti geri addım atmağa məcbur etmişdi. Bu vəziyyət bir qədər Türkiyədəki İraq haqqında parlament qərarını xatırladırdı.

Bir tərəfdən səudiyyəlilər təzyiq göstərirdi və gözləntilər böyük idi: 17 üzvlü koalisiyada Pakistanın iştirakı Ər-Riyada arzuladığı qələbəni gətirə bilərdi. Lakin parlament bu tələbi rədd etmişdi. Deputatlar Məkkə və Mədinə hücuma məruz qalmadıqca, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə zərər dəymədikcə müharibəyə qoşulmağa “yox” demişdilər.

Sonrakı dövrdə İmran Xanın xarici siyasəti də səudiyyəliləri incidən, amerikalıları qəzəbləndirən istiqamətdə idi. Xan ABŞ-dən asılı siyasəti rədd edir, Çin və Rusiya ilə əlaqələri gücləndirirdi. Nəhayət, ordunun işarəsi ilə parlamentdə hakimiyyətdən uzaqlaşdırıldı və korrupsiya ittihamı ilə həbs edildi. Xanın fikrincə, bu, yürütdüyü xarici siyasətin bədəli idi və bunun arxasında ABŞ ilə Pakistan ordusu dayanırdı.

Xanın varisi Şahbaz Şərif ABŞ və Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltməyə çalışarkən 2015-ci ildə müəyyən edilmiş sərhədləri aşdı. Bununla belə, bu gün Yəmən müharibəsində Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmanı necə razı salacaqlarını düşünərək çətin vəziyyətdə qalıblar. Səudiyyəlilərin müdafiə və zərbə imkanlarını artırarkən “Biz birbaşa müharibədə deyilik” görüntüsü yaratmağa çalışırlar.

Dünənin tərəddüdləri bu gün daha ciddi şəkildə qüvvədə qalır: Pakistan Yəmən müharibəsinə qoşulmaqla İranla gərginliyi artıra bilər. Əfqanıstan və Hindistan sərhədlərində gərginlik davam edərkən İran sərhədində də qeyri-sabitliyin yaranması Pakistanı sıxışdırar.

İranla gərginlik Tehranın Əfqanıstan siyasətini də İslamabadın əleyhinə dəyişə bilər. Üstəlik, Pakistan öz daxilində sünni-şiə qarşıdurmasına sürüklənə bilər.

Pakistan şiələrinin həm İrandakı şiə dini hövzələri, həm də Yəməndəki Zeydi hərəkatı ilə mənəvi bağları güclüdür. Məzhəbçiliyi aşan sünni hərəkatlar da Fələstinə verdiyi dəstəyə görə Yəmənə qarşı müharibəni rədd edirlər.

Yəni Şərif Yəməndəki rolunu genişləndirməklə iki fərqli müxalifət cəbhəsi ilə üzləşə bilər. Pakistan vətəndaş müharibəsinə sürüklənərsə və ya İranla münasibətləri pozularsa, Hindistan bu vəziyyəti fürsətə çevirə bilər.

Pakistan İran müharibəsi davam edərkən aprelin əvvəlində səssiz-səmirsiz Səudiyyə Ərəbistanına 19 döyüş təyyarəsi və 8 min hərbçi yerləşdirmişdi. Ər-Riyad İrana qarşı ABŞ ilə tərəfdaşlıqda bir qədər əyləci basdığı üçün Pakistan təyyarələri İran tərəfində problemə çevrilmədi və İslamabadın vasitəçiliyinə də xələl gəlmədi.

Məkkə İttifaqının Yəmən müharibəsinə qoşulması bu günün ən böyük məsələsidir. Pakistan oktyabrın 5-də ittifaqın Ər-Riyad toplantısında qəbul etdiyi qüvvə göndərmək qərarını gözləmədən hərəkətə keçdi.

Reuters agentliyinin məlumatına görə, sentyabr ayında Ədəndəki Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən qüvvələrə hava hücumundan müdafiə sistemləri, yüngül artilleriya sistemləri, pilotsuz uçuş aparatları və PUA əleyhinə sistemlərlə dolu dörd hərbi yük təyyarəsi göndərdi.

Müxtəlif mənbələrə görə, Səudiyyə Ərəbistanının xidmətində olan pakistanlı hərbçilərin sayı 8 mindən 20 minə, hətta 40 minə yüksəlib.

“Le Monde” qəzetinin məlumatına görə, Yəmənin Mukalla və Ədən şəhərlərində pakistanlı hərbi müşavirlər səudiyyəlilərin dəstəklədiyi qüvvələrə yardım edirlər. “The New York Times” qəzetinə görə isə Pakistan döyüş təyyarələri hücumlarda istifadə olunur.

Pakistan təyyarələrinin oktyabrın 5-də səudiyyəlilərin dəstəklədiyi qüvvələrin “Yəmən Şəfəqi” hücumunu dəstəkləmək üçün hava zərbələrində iştirak etdiyinə dair iddialar da var.

“Yəmən Şəfəqi” əməliyyatı ilə Məkkə İttifaqını cəsarətləndirəcək bir dalğa yaratdılar. Hava bombardmanı güclü idi, lakin həmin dalğanı böyüdən “Babül-Məndəb, Dubab və Muxanı ələ keçirdik” iddiasının yalan olduğu ortaya çıxdı.

Pakistan rəhbərliyi missiyanı “Səudiyyə Ərəbistanını qorumaq” kimi təqdim edir və hücumlarda iştirak etdikləri iddiasını rədd edir. Uzun və qeyri-müəyyən bir müharibəyə qoşulmaq onları da narahat edir.

Nəticə etibarilə Pakistan ayaqda qala bilmək üçün Körfəz ölkələrinin dəstəyinə möhtacdır. Yəni Pakistanın reaksiyası sədaqətdən daha çox həyatda qalmaqla bağlıdır. Yəmən müharibəsinə müdaxilə etmək ABŞ-ni də razı salır.

Lakin Pakistanın öz mövqeyini açıq şəkildə ortaya qoyması və ya açıq-aşkar müharibəyə qoşulması üzərində oturduğu risk xəritəsindəki daşları hərəkətə gətirə bilər.

Pakistan ən böyük zərbəni öz daxilində cəmiyyətin parçalanmasından ala bilər. Səudiyyə-Amerika nəzərində parlayarkən öz ətraf bölgələrində strateji çöküş yaşaya bilər.

Bundan başqa, Türkiyə və Pakistanın iştirakının səudiyyəlilərə qələbə gətirəcəyinə heç bir zəmanət yoxdur. Hava bombardmanına gəlincə, ABŞ, İngiltərə və İsrail bunun ən şiddətlisini həyata keçirdi, lakin nəticə əldə edə bilmədi.

Müharibənin gedişatını müəyyən edən amilin Yəmənə daha çox itki yaşatmaq olacağını düşünənlər yanılırlar.

Nəticəni Səudiyyə Ərəbistanının itirdikləri müəyyən edəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş