“OpenAI” və “Apple” Arasında Məhkəmə Savaşı Qızışır

3 Dəq Oxuma Müddəti

“OpenAI” şirkəti “Apple”a qarşı iddia qaldırıb

ABŞ-nin texnologiya nəhəngləri arasında kommersiya sirləri ilə bağlı mübahisə daha da dərinləşib.

“OpenAI” noyabrın 27-də Şimali Kaliforniya federal məhkəməsinə müraciət edərək “Apple”a qarşı əks iddia qaldırıb. Şirkət rəqibini qanunsuz və haqsız kommersiya fəaliyyətində ittiham edib.

İki şirkət arasında hüquqi mübahisə iyul ayında “Apple”ın “OpenAI” və özünün iki keçmiş əməkdaşını süni intellekt əsaslı cihazların hazırlanması məqsədilə kommersiya sirlərini oğurlamaqda ittiham etməsindən sonra başlayıb.

İttihamları rədd edən “OpenAI” bir neçə ay sonra məhkəməyə təqdim etdiyi sənəddə keçmiş əməkdaşlarından birinin cihazlarla bağlı məxfi məlumatları “Apple”a ötürdüyünü iddia edib.

İşçilərə qarşı məqsədli tələlərin qurulduğu iddia edilir

“OpenAI”ın məhkəməyə təqdim etdiyi son iddia ərizəsində “Apple”ın əməkdaşlarını iş sənədlərini şəxsi bulud yaddaşı və mesajlaşma hesablarında saxlamağa məqsədli şəkildə təşviq etdiyi bildirilir.

Şirkətin iddiasına görə, bu siyasət əməkdaşların xidməti məlumatlarla şəxsi məlumatlarını bir-birindən ayırmasını çətinləşdirir.

Həmçinin rəqib şirkətə keçəcəyini bildirən əməkdaşların həmin gün işdən ayrılmağa məcbur edildiyi və onlara məxfi korporativ məlumatları şəxsi məlumatlarından ayırmaq üçün imkan yaradılmadığı iddia olunur.

“OpenAI” hesab edir ki, bu siyasət keçmiş əməkdaşların sonradan kommersiya sirlərini oğurlamaqda ittiham edilməsinə zəmin yaradır.

“Apple” ittihamları rədd edib

“Apple” şirkətinin sözçüsü “OpenAI”ın irəli sürdüyü ittihamları rədd edərək məhkəmə mübahisəsinin təsadüfən saxlanılmış sənədlərlə bağlı olmadığını bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, əsas iddia hələ satışa çıxarılmamış məhsul və texnologiyalara aid məxfi məlumatların qəsdən oğurlanması və istifadəsi ilə əlaqədardır.

Sözçü məhkəmənin “OpenAI”a “Apple”ın məxfi məlumatlarından istifadəni dayandırmaq barədə göstəriş verdiyini bildirib.

O, qarşı tərəfin yeni ittihamlarının ilkin məhkəmə işinin mahiyyətini kölgədə qoymaq məqsədi daşıdığını iddia edib.

Məxfi məlumatların qorunması ilə bağlı mübahisə

“Apple” əməkdaşlarına şəxsi və xidməti hesabların ayrı saxlanılması ilə bağlı təlimlər keçirildiyini açıqlayıb.

Şirkət həmçinin işçilərin əvvəlki iş yerlərinə məxsus məxfi məlumatlardan istifadə etməsinin qarşısını almaq üçün ciddi qaydalar tətbiq etdiyini bildirib.

“Apple” nümayəndələri “OpenAI”ın kommersiya sirlərinin oğurlanması ilə bağlı ittihamlarını təsdiqləyən hər hansı dəlil aşkarlamadıqlarını qeyd ediblər.

Süni intellekt cihazları uğrunda rəqabət güclənir

İki texnologiya şirkəti arasında davam edən hüquqi mübarizə yeni nəsil süni intellekt əsaslı fərdi cihazların hazırlanması sahəsində rəqabətin miqyasını ortaya qoyur.

Ötən il “OpenAI” şirkəti ağıllı telefon istifadəçiləri üçün süni intellekt əsaslı yeni cihazların hazırlanması məqsədilə “Apple”ın keçmiş dizayn rəhbəri ilə əməkdaşlığa başlayıb.

“OpenAI” məhkəməyə təqdim etdiyi sənəddə “Apple”ın rəqabətdə çətinliklərlə üzləşdiyi üçün hüquqi mübarizəyə əl atdığını iddia edib.

Şirkət rəqibinin mövcud məhsullarına innovativ süni intellekt funksiyalarını əlavə etməkdə çətinlik çəkdiyini və yeni cihazların onun bazardakı mövqeyini təhdid etdiyini bildirib.

Təchizatçılara təzyiq göstərildiyi iddia olunur

“OpenAI”ın iddia ərizəsində “Apple”ın təchizatçılara rəqib şirkətlə əməkdaşlıq etməmələri üçün təzyiq göstərdiyi də qeyd olunub.

“Amazon”, “Meta” və “Google” kimi texnologiya nəhənglərinin də iştirak etdiyi süni intellekt cihazları bazarında rəqabət davam edir.

Həm “OpenAI”, həm də “Apple” irəli sürdükləri iddialara andlı iclasçılar heyətinin iştirakı ilə baxılmasını tələb ediblər.

Tərəflərin qarşılıqlı ittihamları ilə bağlı məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş