Netanyahunun Siyasi Taleyi Ərəb Partiyalarının Əlində

4 Dəq Oxuma Müddəti

Sionist rejimdə hakimiyyət dəyişikliyi gündəmdədir

Rejim mətbuatının məlumatına görə, “Yaşar” Partiyasının lideri Qadi Ayzenkot hökumət qurmaq üçün verilən müddətin bitməsinə dörd gün qalmış Prezident İshak Hersoqa azlıq hökuməti formalaşdırdığını bildirməyi və yeni koalisiyanı parlamentdə etimad səsverməsinə çıxarmağı planlaşdırır.

“Haares” qəzeti yazıb ki, “Dəyişiklik bloku” ultraortodoks yəhudiləri təmsil edən Birləşmiş Tövrat Yəhudiliyi Partiyası ilə azlıq hökuməti qurduqdan sonra koalisiyanın tərkibini genişləndirmək niyyətindədir.

Məlumata görə, müxalifət liderləri parlamentdə daha sabit çoxluq əldə etmək üçün Benyamin Netanyahunun blokunda yer alan ŞAS Partiyasını və ya işğalçı İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Birləşmiş Ərəb Siyahısı Partiyasını (RAAM) koalisiyaya daxil etməyi planlaşdırırlar.

“Evimiz İsrail” Partiyasının lideri Aviqdor Liberman da Ayzenkotun gələn həftənin sonunadək yəhudi çoxluğuna malik koalisiya hökuməti qura biləcəyini bildirib.

Netanyahu çıxış yolu axtarır

Sionist rejimin dövlət televiziyası Netanyahunun yaxın çevrəsinə Ayzenkotun hökumət qurmasına yalnız bir “möcüzənin” mane ola biləcəyini söylədiyini bildirib.

Bununla yanaşı, müxalifət partiyaları arasında nazir vəzifələrinin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqlarının davam etdiyi qeyd olunur.

Ultraortodoks yəhudilər koalisiya danışıqlarına razılıq veriblər

Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” Partiyası ilə Birləşmiş Tövrat Yəhudiliyi Partiyası arasında rəsmi koalisiya danışıqlarının başlanacağı gözlənilir.

Tərəflərin qeyri-rəsmi görüşlər zamanı ultraortodoks yəhudilərin məcburi hərbi xidmətdən azad edilməsinə dair qanun layihəsi üzrə razılığa gəldikləri bildirilir.

Razılaşmadan sonra Birləşmiş Tövrat Yəhudiliyi ittifaqına daxil olan “Tövrat bayrağı” Partiyasının dini liderləri, ravvinlər Dov Lando və Hillel Hirş rəsmi danışıqların başlanmasına razılıq veriblər.

Netanyahunun keçmiş müttəfiqini müxalifətlə əməkdaşlıqdan çəkindirmək üçün ABŞ-dən qayıdan ravvin Hillel Hirşlə hava limanında görüşmək istədiyi, lakin müraciətinin rədd edildiyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Tövrat Yəhudiliyi Partiyası məcburi hərbi xidmətdən azadolma məsələsində yaranan fikir ayrılığı səbəbindən 2025-ci ilin iyulunda Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətindən ayrılmışdı.

Ərəb partiyaları hökumətin qurulmasında həlledici rol oynaya bilər

RAAM Partiyasının lideri Mənsur Abbas Netanyahunun baş nazir vəzifəsinə son qoyacaq yeni koalisiya hökumətinin qurulmasına çox az qaldığını bildirib.

“Dəyişiklik bloku”nun bəzi liderlərinin ərəb partiyaları olmadan hökumət qurmaq barədə açıqlamalarına baxmayaraq, Abbas rəhbərlik etdiyi partiyanın yeni koalisiyada təmsil olunacağını iddia edib.

“Dəyişiklik bloku” partiyalarından və Birləşmiş Tövrat Yəhudiliyindən ibarət, RAAM-ın da iştirak edəcəyi və Birgə Siyahının kənardan dəstəkləyəcəyi hökumət qurulacaq”, – Abbas bildirib.

Koalisiya parlamentdə 63 mandata sahib ola bilər

Parlament seçkilərində səkkiz mandat qazanan RAAM-ın koalisiyaya qoşulması yeni hökumətin parlament çoxluğunu əldə etməsinə imkan verə bilər.

Hazırda “Dəyişiklik bloku” 48, Birləşmiş Tövrat Yəhudiliyi isə 7 mandata malikdir. RAAM-ın da koalisiyaya daxil olması ilə mandatların ümumi sayı 63-ə çatacaq.

Beləliklə, nəzərdə tutulan koalisiya azlıq hökuməti olmaqdan çıxaraq parlament çoxluğuna malik hökumətə çevrilə bilər.

Bennett Netanyahu ilə koalisiya qurmaqda israrlıdır

“Bəyahad” Partiyasının lideri Naftali Bennett isə Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası ilə milli birlik hökumətinin yaradılmasını daha münasib seçim hesab edir.

Ötən həftə müttəfiqlərinə məlumat vermədən Netanyahu ilə təxminən üç saat görüşən Bennett ərəb və ultraortodoks partiyalarla koalisiya qurmaq əvəzinə “Likud”la əməkdaşlığa üstünlük verdiyini açıqlayıb.

Qadi Ayzenkot başda olmaqla “Dəyişiklik bloku”nun digər liderləri isə Netanyahunun iştirak edəcəyi koalisiya hökumətinə qarşı çıxırlar.

Nazir vəzifələrinin bölüşdürülməsi mübahisə yaradıb

İşğalçı İsrail mətbuatı müxalifət partiyaları arasında nazir vəzifələrinin bölüşdürülməsi ilə bağlı ciddi fikir ayrılıqlarının yaşandığını yazıb.

Müdafiə naziri vəzifəsinə həm Aviqdor Libermanın, həm də Naftali Bennettin iddialı olduğu bildirilir.

Yeni hökumətin mümkün tərkibi

Mətbuatda yayılan məlumatlara əsasən, “Evimiz İsrail” Partiyasına Müdafiə, Miqrasiya və İnteqrasiya nazirliklərinin verilməsi nəzərdə tutulur.

“Bəyahad” Partiyasının Maliyyə və Xarici İşlər nazirliklərinə rəhbərlik etməsi, Naftali Bennettin maliyyə naziri, Yair Lapidin isə xarici işlər naziri olması planlaşdırılır.

Demokratlar Partiyası isə Milli Təhlükəsizlik, Əmək və Sosial Xidmətlər, Rabitə, Mədəniyyət və İdman nazirliklərinə rəhbərlik edəcəyini açıqlayıb.

Hələlik yeni hökumətin yekun tərkibi rəsmən təsdiqlənməyib və koalisiya danışıqları davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş