Netanyahu Qəzza ilə bağlı yeni mövqeyini açıqlayıb
Sionist rejimin cinayətkar Baş naziri Benyamin Netanyahu İsrailin 14-cü televiziya kanalına müsahibəsində Qəzza zolağında yəhudi məskənlərinin yaradılması ehtimalını istisna etmədiyini bildirib.
Bu məsələ ilə bağlı sualı cavablandıran Netanyahu “bunu istisna etmirəm, lakin ağıllı davranmaq lazımdır” deyərək belə bir ssenarinin mümkün ola biləcəyinə işarə edib.
O, həmçinin barəsində aparılan məhkəmə proseslərinə də toxunaraq, ittihamların zəiflədiyini iddia edib və əfv olunmaq istədiyini bildirib.
“Cənubi Livandan geri çəkilməyəcəyik”
Netanyahu açıqlamasında İsrail ordusunun Cənubi Livandakı mövcudluğu ilə bağlı da qəti mövqe sərgiləyib.
Onun sözlərinə görə, Hizbullah hərbi potensialını qoruduğu və İsrail üçün təhlükə yaratdığı müddətdə İsrail qüvvələri Cənubi Livandan çıxmayacaq.
Netanyahu əlavə edib ki, İsrailin apardığı mübarizə başa çatmayıb və qarşıda hələ görüləcək işlər var.
Livanda hərbi əməliyyatlar davam etdiriləcək
Netanyahu bundan əvvəl müdafiə naziri İsrael Kats və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Tamir Yadayi ilə birlikdə Cənubi Livana səfər edib.
Səfər zamanı o, bölgədəki hərbi əməliyyatların gedişi ilə tanış olub və İsrail ordusunun istənilən təhlükəyə dərhal cavab verməsi barədə göstəriş aldığını bildirib.
Netanyahu vurğulayıb ki, Hizbullah silahlı imkanlarını saxladığı müddətdə İsrail ordusu bölgədə fəaliyyətini davam etdirəcək.
Trampla münasibətlərə də toxunub
Netanyahu ABŞ Prezidenti Donald Trampla münasibətlərinin ümumilikdə yaxşı olduğunu desə də, müəyyən fikir ayrılıqlarının mövcudluğunu etiraf edib.
O bildirib ki, Trampın zaman-zaman onunla sərt danışması yeni hal deyil və bu, iki lider arasında münasibətlərə ciddi təsir göstərmir.
Bundan əvvəl ABŞ və İsrail mənbələrinə istinad edən məlumatlarda Tramp və Netanyahu arasında, xüsusilə İranla bağlı hərbi əməliyyatlar və regional siyasət məsələlərində fikir ayrılıqlarının artdığı bildirilmişdi.
“Böyük İsrail” ideyası yenidən gündəmdə
Netanyahunun son açıqlamaları onun daha əvvəl səsləndirdiyi mövqeləri də yenidən gündəmə gətirib.
Cinayətkar Netanyahu əvvəlki çıxışlarında özünü “tarixi və mənəvi missiya” yerinə yetirən siyasətçi kimi xarakterizə etmiş, “Böyük İsrail” ideyasına sadiq qaldığını bildirmişdi.
Onun Qəzzada yeni yəhudi məskənlərinin yaradılmasını istisna etməməsi və Cənubi Livandan geri çəkilməyəcəklərini bəyan etməsi regionda təhlükəsizlik və siyasi vəziyyətlə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

