İran müharibəsi Tramp üçün siyasi yükə çevrilir
ABŞ mediasının təhlilinə görə, Prezident Donald Tramp administrasiyasının İranla apardığı müharibə Vaşinqtonun gözlədiyi nəticələri vermək əvəzinə Ağ Evin qarşısında yeni siyasi və hərbi problemlər yaradıb.
Təhlildə bildirilir ki, intensiv hərbi hücumlara və ağır iqtisadi təzyiqlərə baxmayaraq, Tehran Vaşinqtonun tələblərini qəbul etməyə məcbur olmayıb. Əksinə, İran rəhbərliyinin mövqeyini daha da sərtləşdirdiyi və danışıqlarda tələblərini artırdığı vurğulanır.
Müharibənin altıncı aya daxil olması isə Tramp administrasiyasının vəziyyətini daha da çətinləşdirir. ABŞ ictimaiyyətində müharibənin məqsədləri ilə bağlı sualların davam etdiyi, uzunmüddətli qarşıdurmanın siyasi qiymətinin getdikcə yüksəldiyi qeyd olunur.
Trampın Türkiyədə gizli şəkildə təyyarədən endirilməsi gündəm oldu
Məlumata görə, ötən ay Türkiyədə Trampa qarşı mümkün təhlükə barədə xəbərdarlıqdan sonra ABŞ prezidentinin təyyarədən məxfi şəkildə endirilməsi administrasiya üçün ciddi müzakirələr yaradıb.
Hadisə Vaşinqtonun İranın hərbi imkanlarının böyük ölçüdə sıradan çıxarıldığı barədə əvvəlki açıqlamalarına qarşı yeni suallar doğurub.
Bununla yanaşı, sözügedən təhlükə barədə kəşfiyyat məlumatlarının etibarlılığı ətrafında da mübahisələr yaranıb.
ABŞ ordusunda sursat böhranı: Ehtiyatlar təhlükəli həddə
Müharibənin Vaşinqton üçün ən ciddi problemlərindən birinin sursat ehtiyatlarının sürətlə azalması olduğu bildirilir.
Məlumata əsasən, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keynin əvvəlki xəbərdarlıqlarına baxmayaraq, hava hücumundan müdafiə üçün həyati əhəmiyyət daşıyan raket ehtiyatları ciddi şəkildə tükənib.
Xüsusilə ABŞ-nin yüksək hündürlükdə ballistik raketlərin qarşısını almaq üçün istifadə etdiyi müdafiə sisteminin raket ehtiyatlarının təxminən 80 faizinin sərf edildiyi iddia olunur.
Bu vəziyyət təkcə İran müharibəsi baxımından deyil, ABŞ-nin dünyanın digər bölgələrində mümkün hərbi qarşıdurmalara hazırlığı baxımından da təhlükəli hesab edilir.
Çin amili Vaşinqtonun narahatlığını artırır
ABŞ-nin müdafiə ehtiyatlarının İran cəbhəsində sürətlə sərf olunmasının Çinlə mümkün qarşıdurma ssenarilərində Vaşinqtonun imkanlarını zəiflədə biləcəyi vurğulanır.
Xüsusilə Tayvan ətrafında mümkün gərginlik fonunda ABŞ-nin strateji sursat ehtiyatlarını İran müharibəsində böyük həcmdə istifadə etməsi Pentaqon qarşısında ciddi seçim yaradır.
Beləliklə, Tramp administrasiyası müharibəni davam etdirməyin hərbi nəticələri ilə yanaşı, bunun qlobal qüvvələr nisbətinə təsirini də hesablamaq məcburiyyətində qalır.
Tramp düşərgəsində çatlar böyüyür
Müharibənin uzanması Trampın siyasi tərəfdarları arasında da narazılığı artırır. Təhlildə Respublikaçılar Partiyası daxilində qarşıdurmanın 2026-cı il aralıq seçkilərinə mənfi təsir göstərə biləcəyinə dair narahatlığın gücləndiyi bildirilir.
Nümayəndələr Palatasının sədri Mayk Conson da daxil olmaqla bəzi respublikaçıların mövcud vəziyyətdən narahat olduğu qeyd edilir.
Trampı ənənəvi olaraq dəstəkləyən media və siyasi çevrələrdə belə müharibənin dayandırılması, diqqətin ölkə daxilində iqtisadi problemlərə, yanacaq və ərzaq qiymətlərinə, mənzil və miqrasiya məsələlərinə yönəldilməsi barədə çağırışların artdığı bildirilir.
ABŞ hərbçilərində yorğunluq və psixoloji gərginlik
Müharibənin hərbi qulluqçular üzərində yaratdığı təzyiq də getdikcə daha çox gündəmə gəlir.
Noyabr ayından bəri dənizdə olan “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin heyətinin 200 gündən artıq müddətdə limana yan almadan xidmət etdiyi bildirilir.
Gəmidəki ağır xidmət şəraiti, təchizat problemləri və şəxsi heyətin psixoloji vəziyyəti ilə bağlı iddialar hərbçilərin ailələrinin də etirazına səbəb olub. Bəzi dənizçilərin özlərini dənizə atmağa cəhd göstərdiyi barədə məlumatlar yayılsa da, ABŞ Hərbi Dəniz Qüvvələri intihar meyillərinin artması barədə iddiaları qəbul etməyib.
“Ucuz müharibə” hesabı özünü doğrultmadı
Tramp administrasiyasının ilkin hesablamasının genişmiqyaslı quru əməliyyatına başlamadan və böyük insan itkisinə məruz qalmadan İran üzərində hərbi təzyiq yaratmaq olduğu bildirilir.
Lakin qarşıdurmanın nəzərdə tutulduğundan daha uzun çəkməsi bu hesablamaları dəyişib. Sursat ehtiyatlarının azalması, hərbi qulluqçuların yorğunluğu, iqtisadi təzyiq və Respublikaçılar daxilində artan narahatlıq müharibənin siyasi qiymətini yüksəldir.
Mövcud vəziyyətin davam etməsi halında İran müharibəsinin Tramp administrasiyası üçün yalnız xarici siyasət problemi deyil, 2026-cı il aralıq seçkiləri ərəfəsində ciddi daxili siyasi yükə çevrilə biləcəyi vurğulanır.
