Livan ordusu Qərbi Zavtarda yerləşməsini tamamladı
Livan ordusu ölkənin cənubunda yerləşən Nəbətiyyə rayonunun Qərbi Zavtar qəsəbəsində yerləşməsini başa çatdırıb. Məlumata görə, hərbçilər hazırda yaşayış məntəqəsində mühəndis-istehkam yoxlamaları aparır və əhalinin təhlükəsiz şəkildə geri qayıtması üçün hazırlıq işləri görür.
Ordunun bölgəyə daxil olması işğalçı İsrail qüvvələrinin Qərbi Zavtardan geri çəkilməsindən sonra baş tutub. Bu addım Vaşinqtonda aparılan danışıqlar nəticəsində razılaşdırılmış “pilot bölgələr” planı çərçivəsində həyata keçirilir.
Baş nazir Nəvvaf Salam Qərbi Zavtara səfər edib
Livanın Baş naziri Nəvvaf Salam ordunun yerləşməsi ilə eyni vaxtda Qərbi Zavtara səfər edib. O, qəsəbənin mərkəzi meydanında Livan bayrağını ucaldaraq bölgədə dövlətin suverenliyinin bərpasının vacibliyini vurğulayıb.
Salam bildirib ki, Qərbi Zavtara qayıdış sionist rejim qüvvələrinin Livan ərazilərindən çıxmasının başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, ölkənin cənubunda həyatın bərpası dövlətin əsas prioritetlərindən biridir.
Əhalinin qayıdışı üçün hazırlıqlara başlanılıb
Baş nazir qeyd edib ki, hökumət bölgəyə qayıdacaq sakinlər üçün bütün imkanları səfərbər edəcək.
Onun sözlərinə görə, su, elektrik, rabitə və digər əsas kommunal xidmətlərin bərpası istiqamətində hazırlıq işlərinə başlanılıb. Eyni zamanda keçid dövrü ərzində sakinlərin müvəqqəti yaşayışı üçün zəruri şəraitin yaradılması planlaşdırılır.
Səfərdə müdafiə naziri Mişel Mənsa, Baş Qərargah rəisi general Həsən Ouda, Ali Müdafiə Şurasının baş katibi Məhəmməd Mustafa və digər yüksəkvəzifəli rəsmilər də iştirak ediblər.
Ordunun yerləşməsi zamanı atəş açıldığı bildirilir
Livan ordusu bir gün əvvəl yaydığı açıqlamada Qərbi Zavtara yerləşmənin Livan üzrə Hərbi Koordinasiya Qrupu (MCG4L) ilə əlaqələndirmədən sonra həyata keçirildiyini açıqlamışdı.
Ordunun məlumatına görə, yerləşmə əməliyyatı zamanı sionist rejim qüvvələri hərbçilərin yaxınlığında atəş açıb. Bildirilir ki, bu hadisə hərbçilərin təhlükəsizliyini risk altına salıb və əməliyyatın icrasını çətinləşdirib.
Livan ordusu həmçinin Şərqi Zavtar qəsəbəsinə hələ daxil olmadığını bildirib.
“Pilot bölgələr” planı icra olunur
Qərbi Zavtarda həyata keçirilən tədbirlər Livan və işğalçı İsrail arasında əldə olunmuş çərçivə razılaşmasının tərkib hissəsi olan “pilot bölgələr” layihəsi çərçivəsində reallaşdırılır.
Bu mexanizm Livanın cənubunda yeni təhlükəsizlik modelinin praktik tətbiqini yoxlamaq məqsədi daşıyır. Layihənin uğurlu nəticə verəcəyi halda onun digər yaşayış məntəqələrinə də şamil olunması nəzərdə tutulur.
Cozef Aun: Hizbullahın silahsızlaşdırılması müəyyən şərtlərlə mümkündür
Bu arada Livan Prezidenti Cozef Aun Vaşinqtonda Livan diasporunun nümayəndələri ilə görüşdə bildirib ki, İsrail işğalının tam aradan qaldırılması və Livan ordusunun ölkə ərazisində tam nəzarəti təmin olunacağı halda Hizbullahın silahsızlaşdırılması mümkün ola bilər.
Aun vurğulayıb ki, Livanda təhlükəsizliyin təmin olunması üçün ölkədə yalnız bir dövlət və bir ordunun mövcud olması vacibdir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti ilə görüşündə sionist rejimin Livanın cənubundan qüvvələrini mərhələli şəkildə çıxarmağa davam etdiyini və mövcud razılaşmanın müsbət nəticələr verdiyini bilidirib.

