İsrail Mediası: Livanla Razılaşmanın Uğur Qazanma Ehtimalı Zəifdir

2 Dəq Oxuma Müddəti

“Maariv”: Razılaşma zəmanətsiz sənəddir

Sionist rejimin “Maariv” qəzeti Livanla imzalanmış “çərçivə sazişi”ni tənqid edərək onu “gəlini olmayan toy” adlandırıb.

Qəzet yazıb ki, razılaşma İsrailə müəyyən üstünlüklər qazandırsa da, onun davamlılığına təminat yoxdur. Nəşr sənədi “buz üzərinə yazılmış razılaşma” kimi xarakterizə edərək, istənilən vaxt qüvvəsini itirə biləcəyini iddia edib.

“Maariv” həmçinin qeyd edib ki, sazişin uğurlu icrası üçün əvvəlcə Livanın daxili siyasi vəziyyəti, xüsusilə də Hizbullah məsələsi həll edilməli idi. Qəzetin fikrincə, hazırkı şəraitdə bunu həyata keçirmək üçün nə kifayət qədər siyasi iradə, nə də vaxt mövcuddur.

Nəşr sonda bildirib ki, müharibələrin başa çatdırılmasının yeganə real yolu atəşkəsə nail olmaqdır.

“İsrael Hayom”: İcra prosesi uzun və çətin olacaq

Digər sionist rejim nəşri “İsrael Hayom” isə təhlükəsizlik qurumlarının Livan hökuməti ilə əldə olunan razılaşmanı dəstəklədiyini, lakin onun uğurla həyata keçiriləcəyinə ciddi şübhə ilə yanaşdıqlarını yazıb.

Qəzetin məlumatına görə, razılaşmanın icrası uzun və çoxsaylı maneələrlə müşayiət olunacaq. Nəşr bunun uğurla nəticələnməsi ehtimalının yüksək olmadığını vurğulayıb.

Razılaşma etirazlarla qarşılanıb

ABŞ cümə günü Livan və İsrail arasında “çərçivə sazişi” əldə olunduğunu açıqlamışdı.

Sionist rejimin Baş naziri Benyamin Netanyahu bunu mühüm nailiyyət kimi qiymətləndirsə də, işğalçı İsrail ordusunun Livanın cənubundakı mövcudluğunun davam edəcəyini bildirmişdi.

Bununla yanaşı, razılaşma Livanda geniş narazılıqla qarşılanıb. Ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib, bir sıra siyasi qüvvələr, ictimai xadimlər və vətəndaşlar bu prosesə qəti şəkildə qarşı olduqlarını bəyan ediblər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş