İşğalçı İsrail qüvvələri yaşayış məntəqələrinə basqın etdi
Sionist rejim ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhər və kəndlərində növbəti basqınlar həyata keçirib. Əməliyyatlar zamanı bir fələstinli döyüş gülləsi ilə yaralanıb, iki nəfər saxlanılıb. Bundan başqa, xarici ölkə vətəndaşı olan bir fəal da rejim qüvvələri tərəfindən tutulub.
Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Tulkərm şəhəri yaxınlığındakı Cəbbara hərbi nəzarət-buraxılış məntəqəsində ayağından güllə yarası alan fələstinli təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Yaralı daha sonra xəstəxanaya çatdırılıb. Onun hazırkı vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
Əl-Xəlil və Ramallahda saxlanılanlar var
Fələstin televiziyasının məlumatına əsasən, sionist rejim qüvvələri Əl-Xəlilin cənubundakı Təbqa kəndinə basqın edərək bir fələstinlini saxlayıb.
Digər hadisə Ramallah ərazisində qeydə alınıb. İşğalçı İsrail hərbçilərinin Əl-Muğəyyir kəndinin qərb girişində yerləşən nəzarət-buraxılış məntəqəsində xarici fəalı saxladığı, onun avtomobilinin də hərəkətinə icazə verilmədiyi bildirilib.
Hərbi məhdudiyyətlərin sərtləşdirilməsi nəticəsində ərazidə avtomobillərin uzun növbəsi yaranıb və yerli əhalinin hərəkətində ciddi çətinliklər meydana çıxıb.
Sionist rejim qüvvələrinin Ramallaha bağlı Əl-Məzrəə Əl-Qərbiyyə yaşayış məntəqəsində daha bir fələstinlini saxladığı açıqlanıb.
Kənddə döyüş güllələri ilə atəş açıldı
Məlumata görə, Rejim hərbçiləri Kəfr Ayn kəndinə basqın zamanı döyüş güllələrindən istifadə ediblər.
İşğal altındakı Şərqi Qüdsün şimal-şərqində yerləşən Anata qəsəbəsinə, eləcə də Cenin və Beytüllahimin müxtəlif kəndlərinə də basqınların həyata keçirildiyi bildirilir.
Bu əməliyyatlar zamanı səs və qaz qumbaralarından istifadə edildiyi, nəqliyyatın hərəkətinin çətinləşdirildiyi və hərbi yoxlamaların gücləndirildiyi qeyd olunur.
Silahlı sionist yəhudi 5 fələstinli uşağı hədələdi
Əl-Xəlildə baş verən başqa bir hadisə isə ciddi narahatlıq yaradıb. Fələstin televiziyasının yaydığı görüntülərdə silahlı bir sionist işğalçının Beyt Ummər qəsəbəsində fələstinli ailənin evinin yaxınlığında 5 uşağa silah tuşladığı görünür.
Görüntülərə əsasən, silahlı şəxs uşaqların üzərinə qışqıraraq onlardan əllərini yuxarı qaldırmağı tələb edib. Uşaqların bir müddət həmin şəxs tərəfindən saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı rejim rəsmilərindən açıqlama verilməyib.
İordan çayının qərb sahilində gərginlik artır
2023-cü ilin oktyabrından etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə sionist rejim hərbçilərinin, eləcə də fələstinlilərin torpaqlarını zəbt edən sionist rejim hərbiçilərinin basqın və hücumlarının artdığı bildirilir.
Bu müddət ərzində fələstinlilərin öldürülməsi və saxlanılması ilə yanaşı, yaşayış evləri və digər tikililərin dağıdılması, məscid və avtomobillərin yandırılması, əkin sahələrinin məhv edilməsi və fermerlərin öz torpaqlarına çıxışının məhdudlaşdırılması ilə bağlı çoxsaylı hadisələr qeydə alınıb.
Fələstin tərəfi hesab edir ki, bu siyasət İordan çayının qərb sahilində nəzarətin daha da genişləndirilməsinə və ərazilərin ilhaqına zəmin yaradır. Fələstinlilər xəbərdarlıq edirlər ki, belə addımlar müstəqil Fələstin dövlətinin yaradılması perspektivini daha da təhlükə altına salır.
