Livanın cənubuna gecə boyu zərbələr endirilib
İşğalçı İsrail qüvvələri şənbədən bazara keçən gecə Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə hava və artilleriya zərbələri endirib. Hücumların gecə yarısından sonra intensivləşdiyi bildirilir.
Məlumata görə, işğalçı İsrail döyüş təyyarələri Nəbatiyyə əl-Fövqa, Kəfrtəbnit qəsəbəsinin ətrafı və Meyfəddun yaşayış məntəqəsini hədəfə alıb. Meyfədduna endirilən zərbələrdən biri nəticəsində yaşayış evi tamamilə dağıdılıb.
İşğalçı İsrail artilleriyası eyni zamanda Kəfr-Rumman bölgəsindəki Duhə ərazisini, Nəbatiyyənin Dəbşə istiqamətində yerləşən universitetlər məhəlləsini, Zəbqin vadisini, Şuməriyyə fermasının ətrafını və əl-Quseyr qəsəbəsini atəşə tutub.
Yaşayış məntəqələri ağır pulemyotlardan atəşə tutulub
İşğalçı İsrail qüvvələrinin Beyt Yahun, Sərbin və Zəbqin vadisi istiqamətində ağır pulemyotlardan intensiv atəş açdığı da bildirilir.
Səhər saatlarında hücumların davam etdiyi qeyd olunur. İşğalçı İsrailə məxsus “Apaçi” döyüş helikopteri Şukin və Meyfəddun arasındakı əsas yol üzərində yerləşən ticarət mərkəzinə zərbə endirib.
Məlumata əsasən, həmin obyekt 10 dəqiqədən az müddət ərzində ikinci dəfə hədəfə alınıb.
Merkava tankından Hədasaya dörd mərmi atılıb
Bint Cübeyl bölgəsində də artilleriya atəşi qeydə alınıb. İşğalçı İsrail qüvvələri Hədasa və Haris yaşayış məntəqələrinin ətrafını atəşə tutub.
İşğalçı İsrail ordusuna məxsus “Merkava” tankının Hədasa istiqamətində dörd mərmi atdığı bildirilir. Bundan sonra işğalçı İsrail qüvvələrinin qəsəbədə yerləşən ticarət mərkəzi istiqamətində irəlilədiyi və obyektə od vurduğu qeyd olunur.
Bölgədəki vəziyyətlə bağlı ölən və yaralananların olub-olmaması barədə ilkin məlumatda dəqiq rəqəm açıqlanmayıb.
Mənsuridə evlər partladılıb
Hava və artilleriya zərbələri ilə yanaşı, Livanın cənubunda yaşayış evlərinin partladılması barədə də məlumat yayılıb.
Məlumata görə, işğalçı İsrail qüvvələri səhərə yaxın Mənsuri yaşayış məntəqəsində bir neçə evi partladaraq dağıdıb. Daha sonra işğalçı İsrail döyüş təyyarələri həmin əraziyə hava zərbəsi də endirib.
Xiyam ətrafında güclü partlayışlar
Mərcəyun bölgəsində isə işğalçı İsrail qüvvələrinin Xiyam şəhəri ətrafında güclü partlayışlar törətdiyi bildirilir.
Son hücumlar işğalçı İsrail və Livan arasında əldə edilmiş atəşkəs razılaşmasının pozulması ilə bağlı qarşılıqlı ittihamların davam etdiyi şəraitdə baş verir.
Livan tərəfi işğlaçı İsrail ordusunu ölkənin cənubundakı yaşayış məntəqələrində evləri dağıtmaq, əraziləri buldozerlərlə məhv etmək, artilleriya, döyüş təyyarələri və pilotsuz uçuş aparatları vasitəsilə hücumları davam etdirməkdə ittiham edir.
Bölgədə hərbi gərginliyin davam etməsi Livanın cənubunda yaşayan mülki əhali üçün təhlükəsizlik risklərini daha da artırır.
