Yaşayış məntəqələrinin girişləri bağlanıb
Yerli mənbələrin məlumatına görə, işğalçı İsrail qüvvələri İordan çayının qərb sahilində yerləşən şəhər və kəndlərin əksəriyyətinin giriş-çıxışlarını bağlayıb. Qurulan nəzarət-buraxılış məntəqələri səbəbindən fələstinlilərin hərəkəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Məlumata əsasən, bölgə sakinləri işğalçı İsrail ordusunun və yəhudi məskunlaşanların hücumlarına öz imkanları ilə müqavimət göstərirlər.
Ramallah yaxınlığında yeni məskunlaşma məntəqəsi yaradılır
Məlumatlarda bildirilir ki, rejim qüvvələri Ramallah şəhərinin şimalında yeni məskunlaşma məntəqəsinin yaradılması istiqamətində işlər aparır.
Eyni zamanda, İordan çayının qərb sahilində son bir həftədir yanacaq qıtlığının yaşandığı, əksər fələstinlilərin əməkhaqlarının ödənilmədiyi və təhsil müəssisələrinin fəaliyyətini dayandırdığı qeyd olunur.
Nablus və Beytləhm istiqamətlərində yeni hücumlar
Fələstin mənbələrinin məlumatına görə, işğalçı İsrail qüvvələri Nablusun cənubundakı Huvara qəsəbəsində avtomobillərin açarlarını müsadirə edib.
Bundan başqa, Nablus vilayətindən kənarda yaşayan dializ xəstələrinin şəhərdəki xəstəxanalara daxil olmasına icazə verilmədiyi bildirilir.
Nablusun şərqində yerləşən Beyt Furik qəsəbəsində isə yəhudi məskunlaşanlar bir yaşayış evini yandırmağa cəhd ediblər. Qəsəbə sakinlərinin müdaxiləsindən sonra hücumun qarşısı alınıb.
Beytləhmin cənubundakı Əl-Miniyə kəndinin qərbində yerləşən “Əl-Qarn” bölgəsində də bir qrup məskunlaşanın su xəttini dağıtdığı, onu bərpa etməyə çalışan fələstinlilərə səs qumbaraları atdığı bildirilir.
Qarşıdurmalar davam edir
İşğalçı İsrail ordusu və yəhudi məskunlaşanların İordan çayının qərb sahilində fələstinlilərə, onların torpaqlarına və əmlakına qarşı hücumları davam etdiyi bir vaxtda bölgədə müqavimət aksiyaları da güclənir.
Rejim mediasının məlumatına görə, şənbə günü Xəlilin cənubundakı Məsafir Yətta bölgəsində yerləşən Susiya kəndi yaxınlığında bir işğalçı yəhudinin silahlı hücum nəticəsində yaralanıb.
Rejim ordusunun radiosu hadisə ilə bağlı bildirib ki, bir qrup fələstinli məskunlaşanın silahını ələ keçirərək ona atəş açıb və daha sonra Yətta şəhərinə çəkilib.
Bundan əlavə, Məsafir Yətta bölgəsində baş verən digər qarşıdurmada daha bir işğalçı yəhudinin daş zərbəsi nəticəsində yaralandığı bildirilir.
Bundan əvvəl isə Nablus yaxınlığında baş vermiş silahlı hücum zamanı rejim ordusunun artilleriya briqadasına məxsus bir mayor və “Qüds” briqadasının bir hərbçisi həlak olmuşdu. Rejim tərəfinin məlumatına görə, hücum zamanı bir fələstinli sionist rejim qüvvələrinə qarşı müqavimət zamanı silahı ələ keçirərək atəş açıb.

