İran Xamenei ilə Vidalaşmağa Hazırlaşır: Qalibaf Xalqa Səsləndi

2 Dəq Oxuma Müddəti

Qalibaf xalqa müraciət etdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkə vətəndaşlarını İslam İnqilabının rəhbəri və İran İslam Respublikasının lideri Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyə çağırıb.

Qalibaf bildirib ki, İran öz tarixinin ən əlamətdar anlarından birini yaşayır və xalq uzun illər ölkənin müstəqilliyi və xalqının ləyaqəti naminə fəaliyyət göstərdiyi bildirilən liderlə vida etməyə hazırlaşır.

“Ən böyük sədaqət onun yolunu davam etdirməkdir”

“Xatəmül-Ənbiya” qərargahının komandanı, general Əli Abdullahi isə çıxışında Seyid Əli Xameneiyə sədaqətin onun yolunun davam etdirilməsi ilə ifadə olunacağını bildirib.

Onun sözlərinə görə, inqilabın nailiyyətlərinin qorunması, müdafiə potensialının daha da gücləndirilməsi və milli birliyin saxlanılması ölkənin əsas prioritetləri olmalıdır.

Abdullahi həmçinin iddia edib ki, Xamenei dövründə İranın çəkindirmə qabiliyyəti ən yüksək səviyyəyə çatdırılıb.

İran Silahlı Qüvvələrindən xəbərdarlıq

General Əli Abdullahi İranın müstəqilliyini və ərazi bütövlüyünü qorumağa hazır olduqlarını vurğulayıb.

O, Silahlı Qüvvələrin Ali Baş Komandanın göstərişlərinə tam əməl etdiyini bildirərək, ABŞ və İsraili İrana qarşı hər hansı yanlış hesablamadan çəkinməyə çağırıb.

Dəfn mərasimi şənbə günü başlayacaq

Vida və dəfn mərasimlərinin rəsmi olaraq 4 iyul, şənbə günü başlanacağı açıqlanıb.

İranın milli dəfn komitəsinin katibi Əli Əkbər Pur Cəmşidiyan bildirib ki, rəsmi qarşılama mərasimi İraqın baş naziri və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə Bağdad və ya Nəcəf hava limanlarından birində keçiriləcək.

Onun sözlərinə görə, artıq 1 milyondan çox insan İrana səfər edərək dəfn mərasimində iştirak etmək üçün qeydiyyatdan keçib.

Pur Cəmşidiyan əlavə edib ki, İraq parlamentinin 120 deputatı Seyid Əli Xameneinin cənazəsinin İraqda da vida mərasiminin keçirilməsi ilə bağlı müraciət ünvanlayıb.

45-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir

İRNA agentliyinin məlumatına görə, 45-dən çox ölkənin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, eləcə də müxtəlif din və məzhəblərin nüfuzlu rəhbərləri vida mərasimində iştirak etmək niyyətlərini bildiriblər.

Təşkilat komitəsinin açıqlamasına əsasən, mərasim “Ayağa qalxmaq lazımdır” şüarı və qaldırılmış yumruq simvolu altında keçiriləcək.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar İran rəsmilərinin və rəsmi qurumlarının açıqlamalarına əsaslanır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş