İran Xəbərdarlıq Etdi: “Bu Müharibə Bütün Qlobala Yayılacaq”

3 Dəq Oxuma Müddəti

“Sülh güc yolu ilə deyil, razılaşma ilə mümkündür”

İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kəni Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik şuraları rəhbərlərinin 21-ci toplantısında çıxış edib.

Baqeri Kəni bildirib ki, XXI əsrin əsas problemlərindən biri “güc vasitəsilə sülh” nəzəriyyəsinin yayılmasıdır. Onun sözlərinə görə, bu yanaşma razılaşmanı deyil, təslimçiliyi təşviq edir və beynəlxalq münasibətlərdə müharibəni əsas idarəetmə alətinə çevirir.

İran rəsmisi qeyd edib ki, bu siyasət həm qlobal, həm də regional təhlükəsizliyi təhdid edir və dövlətlərin iqtisadi inkişaf proqramlarına ziddir.

“İrana qarşı müharibə Asiyanın yüksəlişinə qarşıdır”

Şanxay Əməkdaşlıq Təşkilatı toplantısında çıxış edən Baqeri Kəni bildirib ki, İrana qarşı müharibə əslində “Qlobal Cənub” ölkələrinə qarşı hücumun başlanğıcıdır.

Onun sözlərinə görə, bu qarşıdurmanın əsas məqsədi Asiyanın inkişafını və orta güclərin yüksəlişini dayandırmaq, həmçinin Körfəz bölgəsinin enerji resurslarına tam nəzarət etməkdir.

İran rəsmisi xəbərdarlıq edib ki, əgər bu prosesə qarşı ciddi addımlar atılmasa, müharibə daha geniş coğrafiyaya yayılacaq.

“Zəif reaksiya yeni müharibələr üçün çağırış deməkdir”, – deyə o vurğulayıb.

ABŞ və İsrailin məqsədlərinin uğursuz olduğu bildirildi

Əli Baqeri Kəni bildirib ki, ABŞ və İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyi yaratmaq olub.

Onun sözlərinə görə, bu plan uğursuzluğa düçar olub və İran xalqı ilə silahlı qüvvələrinin cavabı Vaşinqton və Təl-Əviv üçün “alçaldıcı” nəticələr yaradıb.

Baqeri Kəni əlavə edib ki, İran rəhbəri Seyid Əli Xamenei-ə qarşı təhdidlər və İranın “Dəna” gəmisinə hücum cavabsız qalmayacaq.

Fələstin məsələsi əsas problem kimi göstərildi

İran rəsmisi çıxışında Fələstin və Livan xalqlarının vəziyyətinə də toxunub.

O bildirib ki, İsrailin genişlənmə siyasəti Qərbi Asiyada sabitliyin əsas pozucu faktorudur və region xalqları arasında ciddi narazılıq yaradır.

Baqeri Kəniyə görə, bölgədə sabitlik yalnız Fələstin xalqının öz müqəddəratını təyin etməsi və müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkün olacaq.

İran-Rusiya əməkdaşlığı vurğulandı

Toplantı çərçivəsində Əli Baqeri Kəni Rusiya Təhlükəsizlik Şurasının rəhbərliyi ilə də görüş keçirib.

Rusiya tərəfi ABŞ və İsrailin İrana qarşı hücumlarını pisləyib və Moskvanın Tehranla beynəlxalq hüquq çərçivəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.

Baqeri Kəni isə Rusiyanın həm ikitərəfli, həm də beynəlxalq platformalarda göstərdiyi dəstəyə görə təşəkkür edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş