İsrail ordusu dron təhlükəsinə qarşı yeni addım atıb
Sionist rejim ordusu Livanda fəaliyyət göstərən qüvvələrini Hizbullahın kamikadze dronlarına qarşı qorumaq üçün xüsusi metal torlarla təchiz edib.
İşğalçı ordunun sözçüsü bildirib ki, quru qüvvələrinin texnologiya briqadası bölmələrə “məftilli qoruyucu torlar” göndərib. Məqsəd Hizbullahın istifadə etdiyi pilotsuz uçuş aparatlarının təsirini azaltmaqdır.
158 min kvadratmetr tor yerləşdirilib
İşğalçı rejim ordusunun məlumatına görə, indiyədək təxminən 158 min kvadratmetr qoruyucu tor təhvil alınıb. Bundan əlavə, daha 188 min kvadratmetr torun alınması prosesi davam edir.
Açıqlamada qeyd olunub ki, hazıradək alınan torların ümumi sahəsi təxminən 20 futbol meydançasına bərabərdir.
“Həaretz” ordudakı böhranı açıqlayıb
Haaretz qəzeti həftənin əvvəlində yayımladığı hesabatda sionist rejim ordusunun şimal cəbhəsində və Livan istiqamətində ciddi təhlükəsizlik problemi yaşadığını yazıb.
Məlumata görə, bölgədə yerləşən kibbutslardakı balıq təsərrüfatları orduya balıq torları təqdim etməyə başlayıb. Bu torlar artıq balıq ovu üçün deyil, Hizbullah dronlarına qarşı improvizə edilmiş müdafiə vasitəsi kimi istifadə olunur.
Hizbullah dronları sionist rejim üçün əsas təhlükələrdən birinə çevrilib
Son aylarda Hizbullah tərəfindən istifadə edilən pilotsuz uçuş aparatları işğalçı rejim ordusuna ciddi itkilər verib.
Sionist rejim mediası və hərbi ekspertlər bildirirlər ki, xüsusilə kamikadze dronlarının dəqiq zərbə imkanları ordunun müdafiə sistemlərində boşluqları üzə çıxarıb.
Analitiklər hesab edirlər ki, metal torların geniş şəkildə tətbiqi sionist rejimin dron təhlükəsinə qarşı effektiv texnoloji həll tapmaqda çətinlik çəkdiyini göstərir.
