İran və Oman Hörmüz boğazı üzrə danışıqları davam etdirir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran və Oman arasında aparılan danışıqlar yalnız iki ölkəni əhatə edir və üçüncü tərəflərlə bağlı deyil.
Onun sözlərinə görə, təxminən iki aydır davam edən danışıqların son mərhələsi ötən həftə baş tutub. Bəqai Oman tərəfinin konstruktiv mövqe nümayiş etdirdiyini və danışıqların müsbət istiqamətdə irəlilədiyini qeyd edib.
Hörmüz boğazında yeni marşrut hazırlanır
Bəqai vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.
O bildirib ki, İran və Oman boğazda nə şimal, nə də cənub marşrutunu əhatə edən, hər iki ölkənin suveren hüquqlarını və milli təhlükəsizlik maraqlarını təmin edəcək yeni keçid marşrutu üzərində razılığa gəlməyi planlaşdırır.
İran rəsmisinin sözlərinə görə, bu məsələ əvvəllər imzalanmış anlaşma memorandumunun müddəalarına uyğun olaraq İran, Oman və region ölkələri arasında məsləhətləşmələrlə həll edilməlidir.
“ABŞ təhdidləri danışıqları çətinləşdirib”
İran XİN sözçüsü bildirib ki, Vaşinqtonun təhdidləri və müdaxilələri danışıqlara heç bir müsbət təsir göstərməyib, əksinə, prosesi çətinləşdirib.
Bəqai əlavə edib ki, Böyük Britaniya, Bolqarıstan və Ukrayna İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etməyəcəklərini Tehrana çatdırıblar.
“ABŞ hücumunun nəticələri bütün regiona yayılacaq”
İran rəsmisi xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın İranın infrastrukturuna mümkün hücumu bütün region üçün ciddi nəticələr doğuracaq.
Onun sözlərinə görə, ABŞ-la əməkdaşlıq edərək İrana qarşı hərbi əməliyyatlara dəstək verən və ya öz hərbi bazalarını, logistika imkanlarını bu məqsədlə istifadəyə təqdim edən istənilən ölkə İranın qanuni müdafiə tədbirləri ilə üzləşəcək.
Bəqai vurğulayıb ki, Tehran ABŞ rəsmilərinin təhdidlərindən geri çəkilməyəcək və ölkəsinin maraqlarını qorumaq üçün bütün zəruri addımları atacaq.

