İran bütün ssenarilərə hazır olduğunu açıqladı
İran İnqilab Keşikçilərinin sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə komandir müavini briqada generalı Hüseyn Mühib ölkəsinin mümkün hərbi qarşıdurmalara tam hazır olduğunu bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri bütün ehtimallar üzrə hazırlıq vəziyyətindədir.
“Müharibə yenidən başlasa, hər şey fərqli olacaq”
Mühib xəbərdarlıq edib ki, qarşı tərəf yenidən hərbi qarşıdurmaya qayıdarsa, bu dəfə həm əməliyyatların xarakteri, həm coğrafiyası, həm də istifadə ediləcək silahlar fərqli olacaq.
O bildirib ki, İran əvvəlki mərhələlərlə müqayisədə daha sərt və fərqli strategiya tətbiq edə bilər.
“Hələ bütün güclü kartlarımızı açmamışıq”
“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının təftiş məsələləri üzrə rəhbər müavini briqada generalı Məhəmməd Cəfər Əsədi də diqqətçəkən açıqlama verib.
O bildirib ki, İran indiyədək bütün imkanlarını istifadə etməyib.
“Biz dəfələrlə demişik ki, bütün qalib kartlarımızı hələ ortaya qoymamışıq. Lazım gəlsə, istifadə edəcəyimiz çoxlu imkanlarımız var”, – deyə Əsədi vurğulayıb.
“ABŞ yalnız tam təslimiyyət istəyir”
İranlı general Vaşinqtonu da sərt tənqid edib.
Onun sözlərinə görə, ABŞ-nin əsas məqsədi İranın tam təslim olmasına nail olmaqdır.
“İran xalqı heç vaxt təslim olmayacaq”
Əsədi bildirib ki, İran xalqı xarici təzyiqlər qarşısında geri çəkilməyəcək.
O əlavə edib ki, Tehran mümkün müharibədən qorxmur və hər vəziyyətə hazırdır.
“NATO da qarşı tərəfdə olsa, narahat deyilik”
İran rəsmisi çıxışında NATO-ya da mesaj göndərib.
O bildirib ki, hətta NATO belə İranın qarşısında yer alsa, Tehran bundan çəkinməyəcək.
Bölgədə gərginlik yüksəlməkdə davam edir
Son həftələr İran, ABŞ və sionist rejim arasında qarşılıqlı təhdidlər və hərbi gərginlik daha da artıb.
Xüsusilə Hörmüz boğazı, Livan cəbhəsi və regional təhlükəsizlik məsələləri bölgədə vəziyyəti daha həssas edib.

