İslam İnqilabının Ali Rəhbəri əhalinin gəncləşdirilməsi üzrə dördüncü Milli Mükafat tədbirinə ünvanladığı müraciətdə daha güclü İranın formalaşmasında əhali artımının mühüm roluna diqqət çəkərək keçmişdə həyata keçirilmiş bəzi demoqrafik siyasətlərin yaratdığı çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei əhalinin gəncləşdirilməsi üzrə dördüncü Milli Mükafat tədbirinə ünvanladığı müraciətdə “ailə mərkəzli əhali artımı” siyasətini strateji siyasət və İranın qüdrətinin, eləcə də tərəqqisinin ən mühüm amillərindən biri kimi qiymətləndirib.
O vurğulayıb:
“Şübhəsiz ki, bu torpaq və onun xalqı üçün parlaq və möhtəşəm gələcək arzulayan hər bir qeyrətli iranlı yeni İslam sivilizasiyası səviyyəsinə uyğun İran nəsillərinin davamlılığını təmin etmək üçün güclü motivasiya və iradəyə malik olacaqdır”.
İslam İnqilabı Rəhbərinin bu gün səhər doktor Mərziyə Vəhid Dəstcerdi tərəfindən tədbirdə oxunan müraciətinin tam mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim!
Əhalinin gəncləşdirilməsi üzrə dördüncü milli tədbirin keçirilməsi əhali ilə bağlı mühüm və həssas məsələdən danışmaq üçün yaxşı fürsətdir.
Qüdrət, tərəqqi və daha güclü İrana nail olmağın əsas amilləri arasında əziz İranımızın gələcək əhalisinin bütün arzuolunan kəmiyyət və keyfiyyət göstəriciləri qorunmaqla artırılması ən mühüm məsələlərdən biri hesab olunur.
Son onilliklər ərzində uca məqamlı şəhid Rəhbərimizin (Allah onun şərəfli məqamını ucaltsın) dəfələrlə vurğuladığı bu strateji və taleyüklü məsələ həm mövcud potensialın reallaşdırılmasında, müxtəlif elmi, mədəni, iqtisadi və ictimai imkanların yaradılmasında və genişləndirilməsində, həm də düşmənlərin təhdidlərinin və bədxah niyyətlərinin qarşısının alınmasında və aradan qaldırılmasında təsirlidir.
Görünür, ölkənin planlaşdırılması və idarə olunması sahəsində uzun müddət hökm sürən və ciddi zərərlərə səbəb olan diqqətsizlikdən sonra həyata keçirilən bəzi tədbirlər nəticəsində xalqın və məsul şəxslərin bu məsələyə daha dərindən yanaşması üçün imkan yaranıb.
Əhalinin müxtəlif aspektləri, tələbatları və ayrı-ayrı sahələrdəki ehtiyacları nəzərdən keçirilərkən bəzən ailə, bəzən isə fərd əsas ölçü vahidi kimi götürülür.
Mənzil, bir çox mal və xidmətlər kimi bəzi məsələlərdə istehlakçı və istifadəçi ailə olduğu halda, qida, geyim və sağlamlıqla bağlı məsələlərdə fərd əsas ölçü vahidi kimi nəzərə alınır.
Arzuolunan əhali göstəricilərinə nail olmaq hər iki istiqamətin rol oynadığı məsələlərdəndir.
Buna görə də müxtəlif infrastrukturların inkişaf etdirilməsi və ailə təməllərinin möhkəmləndirilməsi ilə bağlı məsələlərə diqqət yetirilməsi ölkənin demoqrafik dinamikasının yaxşılaşdırılması istiqamətində aparılan səylərin daimi elementi olacaqdır. Bununla yanaşı, fərdlərlə bağlı müvafiq məsələlərin həlli də zəruridir.
Gənc yaşda evliliyin asanlaşdırılmasına ciddi və genişmiqyaslı diqqət yetirilməsi, özü də bir çox amildən asılı olan fərdi sağlamlığın təmin edilməsi, övlad dünyaya gətirilməsinin dəstəklənməsi, ailə mərkəzli mədəniyyətin təşviqi və bu sahədə uğurlu nümunələrin tanıdılması — bunların hər biri İranın daha da güclənməsi istiqamətində təsirli bir addımdır.
Həmçinin bu məsələlərin bütün xalqa, xüsusilə də gənclərə düzgün şəkildə izah edilməsi bu istiqamətdə əlavə dəstək olacaqdır.
Şübhəsiz ki, bu torpaq və onun xalqı üçün parlaq və möhtəşəm gələcək arzulayan hər bir qeyrətli iranlı yeni İslam sivilizasiyası səviyyəsinə uyğun İran nəsillərinin davamlılığını təmin etmək üçün güclü motivasiya və iradəyə malik olacaqdır.
Səmimi qəlbdən ümid edirəm ki, keçmişdə həyata keçirilmiş bəzi demoqrafik siyasətlərin yaratdığı çatışmazlıqların aradan qaldırılması, gənc əhalinin sayının artırılmasına və bu məsələdə ailənin mərkəzi roluna əsaslanan düzgün və strateji siyasətin ciddi şəkildə davam etdirilməsi sayəsində əziz vətənimiz hazırda üzləşdiyimiz bu həssas keçiddən və taleyüklü mərhələdən salamatlıqla keçəcəkdir.
İlahi tövfiqlər və mövlamızın (Allah onun zühurunu tezləşdirsin) xeyir və bərəkət duası ilə bu dövrdə haqq və ədalətin bayraqdarları hesab olunan iranlılara ilahi bərəkətlərin nazil olması üçün daha geniş və əlverişli zəmin yaranacaqdır.
Allahın lütf və kərəmi ilə!
Seyid Müctəba Hüseyni Xamenei
3 Azər 1405 — 24 noyabr 2026-cı il
