Husi: Səudiyyə Ərəbistanı İsrailli Zabitləri Sərhəddə Yerləşdirib

5 Dəq Oxuma Müddəti

Əl-Husidən ABŞ-İsrail-Səudiyyə əməkdaşlığı açıqlaması

Yəməndə Ənsarullah hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi “Əqsa Tufanı” əməliyyatının üçüncü ildönümü münasibətilə çıxış edərək Fələstin, Yəmən və regiondakı son proseslərlə bağlı geniş açıqlamalar verib.

Əl-Husi “Əqsa Tufanı”nı İsrailin işğalından sonra Fələstin xalqının mübarizəsində ən böyük mərhələlərdən biri adlandırıb. Onun fikrincə, əməliyyat İsraildə ciddi sarsıntı yaradıb və ABŞ, Böyük Britaniya ilə digər Qərb ölkələrini Təl-Əvivə daha fəal dəstək verməyə sövq edib.

Ənsarullah lideri ABŞ-nin İsrailə verdiyi hərbi və siyasi dəstəyi “tam tərəfdaşlıq” kimi qiymətləndirib. Onun sözlərinə görə, Vaşinqton İsrailə siyasi örtük təmin etməklə yanaşı, regiondakı ABŞ silah ehtiyatlarını da onun istifadəsinə açıb.

“Əqsa Tufanı region üçün dönüş nöqtəsi oldu”

Əl-Husi bildirib ki, “Əqsa Tufanı” Fələstin məsələsini yenidən regionun əsas gündəminə gətirib və ərəb-müsəlman dünyasının Fələstin qarşısındakı məsuliyyətini bir daha gündəmə çıxarıb.

Onun sözlərinə görə, Fələstinə real hərbi dəstək verən qüvvələr arasında Livandakı müqavimət qüvvələri, İran, İraqdakı silahlı qruplar və Yəmən cəbhəsi yer alıb.

Əl-Husi ərəb və müsəlman ölkələrinin əksəriyyətinin yaranmış vəziyyətdən Fələstinə daha geniş dəstək vermək üçün istifadə etmədiyini söyləyib.

Yəmənin Qəzzaya dəstək əməliyyatlarından danışdı

Ənsarullah lideri Yəmənin “Əqsa Tufanı” əməliyyatından sonra Qəzza sektoruna dəstək məqsədilə imkanları daxilində fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, Yəmən qüvvələrinin hərbi əməliyyatları çoxsaylı olub və Qəzzada atəşkəsin elan edildiyi gecəyədək davam edib.

Əl-Husi Yəmənin bundan sonra da Fələstin məsələsinə münasibətdə əvvəlki mövqeyini qoruyacağını vurğulayıb. O, regionda yeni eskalasiya baş verəcəyi təqdirdə Sənanın Fələstin xalqına dəstəyini davam etdirəcəyini bildirib.

“İsrailli zabitlər sərhəd düşərgələrində yerləşdirilib”

Çıxışın ən diqqətçəkən hissələrindən biri Əl-Husinin Səudiyyə Ərəbistanı ilə bağlı açıqlamaları olub.

Ənsarullah liderinin sözlərinə görə, Yəmənin Qəzzaya dəstək əməliyyatları başladıqdan sonra Səudiyyə Ərəbistanı İsraillə əməkdaşlıq edib və bəzi hava hədəflərinin qarşısının alınmasında iştirak edib.

Əl-Husi bu fəaliyyətin bəzi hallarda Səudiyyə Ərəbistanının hava məkanından kənarda, dəniz üzərində də həyata keçirildiyini bildirib.

Kiprdən Səudiyyə Ərəbistanına aparıldıqları bildirilir.

Əl-Husinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Yəmənin Səada vilayəti üzərində kəşfiyyat fəaliyyəti aparmaq üçün israilli zabitləri qəbul edib.

O bildirib ki, həmin zabitlər ABŞ təyyarələri ilə Kiprdən Səudiyyə Ərəbistanının Yəmən sərhədinə yaxın hərbi düşərgələrinə daşınıblar.

Ənsarullah lideri Səudiyyə Ərəbistanının İsrailə Səada, Həccə və Əmran vilayətləri üzərində kəşfiyyat uçuşları aparmağa şərait yaratdığını da qeyd edib.

Onun sözlərinə görə, bu əməkdaşlıq israilli zabitlər və onların avadanlıqları yenidən Kiprə qaytarılanadək davam edib.

Əl-Husi həmçinin Səudiyyə Ərəbistanı ilə əlaqəli olduğunu dediyi kəşfiyyat şəbəkələrindən əldə edilən koordinatların sonradan ABŞ və İsrailin Yəmənə endirdiyi zərbələrin hədəfləri ilə üst-üstə düşdüyünü bildirib.

“Yəmən böyük həbsxanaya çevrilib”

Əl-Husi Səudiyyə Ərəbistanını hərbi gərginliyin azaldılması mərhələsindən sonra da Yəmənə qarşı təzyiqləri davam etdirməkdə ittiham edib.

Onun ifadəsinə görə, tətbiq olunan məhdudiyyətlər Yəməni “böyük həbsxanaya” çevirib.

Ənsarullah lideri ölkənin neft gəlirlərindən məhrum edildiyini, təxminən bir milyon dövlət qulluqçusunun əməkhaqqı ala bilmədiyini bildirib. O, neft və qaz gəlirlərinin Səudiyyə Ərəbistanındakı banka yönəldildiyini açıqlayıb.

Əl-Husi səhiyyə xidmətlərinin də ağır vəziyyətə düşdüyünü söyləyərək müharibə və məhdudiyyətlər nəticəsində 1 milyon 400 min xəstənin həyatını itirdiyini qeyd edib.

“Danışıqlar nəticə vermədi”

Ənsarullah liderinin sözlərinə görə, Səna ilə Ər-Riyad arasındakı danışıqlardan gözlənilən nəticə əldə edilməyib.

O, Səudiyyə Ərəbistanının gərginliyin azaldılmasından sonrakı dövrdə 1642 hava və raket zərbəsi həyata keçirdiyini qeyd edib. Əl-Husinin sözlərinə görə, son üç ayda Yəmənin infrastruktur obyektləri də zərbələrin hədəfinə çevrilib.

O həmçinin Yəmənə qarşı illər ərzində həyata keçirilmiş təxminən 250 min hava hücumunda istifadə edilən təyyarə, silah və sursatların əsasən ABŞ istehsalı olduğunu bildirib.

Livan və İranla bağlı mesajlar

Əl-Husi çıxışında Livandakı vəziyyətə də toxunub. O, ABŞ və İsrailin Livandakı müqavimət qüvvələrinin fəaliyyətinə son qoymağa çalışdığını, Səudiyyə Ərəbistanının da bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.

Onun sözlərinə görə, Livanda müqavimət qüvvələrinin sıradan çıxarılması İsrailin regional planlarına xidmət edə bilər.

İranla bağlı danışan Əl-Husi isə Tehranın ABŞ və İsraillə böyük qarşıdurma apardığını bildirib. O, İranın Fələstinə verdiyi dəstəyi və regional mövqeyini yüksək qiymətləndirib.

Əl-Husi çıxışında İranın mərhum ali rəhbəri Əli Xameneini də xatırladaraq onun bu qarşıdurmada böyük fədakarlıq göstərdiyini bildirib.

ABŞ qüvvələrinin İraqdan çıxmasına da toxundu

Ənsarullah lideri İraqdakı proseslərə də münasibət bildirib.

O, ABŞ qüvvələrinin İraqdan çıxmasını bu ölkədəki müqavimətin nəticələrindən biri kimi təqdim edib. Əl-Husinin fikrincə, İraqdakı silahlı müqavimət və ABŞ hərbi mövcudluğuna qarşı fəaliyyət Vaşinqtonun ölkədən çıxmasında əsas rol oynayıb.

Əbdülməlik əl-Husi çıxışının əsas hissəsində ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında Yəmənə qarşı koordinasiyalı fəaliyyətin mövcud olduğunu bildirib.

O, xüsusilə israilli zabitlərin Səudiyyə Ərəbistanının Yəmən sərhədinə yaxın hərbi obyektlərində yerləşdirilməsi və kəşfiyyat fəaliyyətinə cəlb olunması barədə sözlər səsləndirib.

Ənsarullah lideri eyni zamanda Sənanın mövqeyinin dəyişmədiyini vurğulayaraq Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsində Yəmənin Fələstin xalqına dəstək verməyə davam edəcəyini bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş