Həbsdə Olan Dindar İlham Şıxəliyevin 11 Gündür Aclıq Etdiyi Bildirilir

2 Dəq Oxuma Müddəti

Ailəsi 11 gündür aclıq etdiyini bildirir

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan və yerli hüquq müdafiəçilərinin siyasi məhbus siyahısına daxil etdiyi İlham Şıxəliyevin 11 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə onun anası Səadət Şıxəliyeva məlumat verib.

Onun sözlərinə görə, iyunun 20-dən sonra oğlu ilə əlaqə saxlaya bilməyib. Daha sonra isə İlham Şıxəliyevin cərimə kamerasına (“kars”) yerləşdirildiyini öyrənib.

“Müəssisəyə köçürülən kimi cərimə kamerasına salınıb”

Səadət Şıxəliyeva bildirib ki, oğlu əvvəl Umbakı qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində saxlanılırdı, sonradan isə 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Onun iddiasına görə, İlham Şıxəliyev yeni müəssisəyə gətirilən kimi cərimə kamerasına salınıb və aclıq aksiyasına da həmin vaxt başlayıb.

Ailə işgəncə edildiyini bildirib

Məhbusun anası oğlunun işgəncəyə məruz qaldığını ehtimal etdiyini bildirib.

Onun sözlərinə görə, qısa telefon danışığı zamanı İlham Şıxəliyev aclıq etdiyini təsdiqləsə də, səhhəti ilə bağlı ətraflı danışa bilməyib.

Şıxəliyeva bildirib ki, ailənin apardığı ərzaq bağlaması qəbul edilməyib və yaxınlarının onunla görüşünə də icazə verilməyib.

Sağlamlığı ilə bağlı narahatlıq var

Ailə İlham Şıxəliyevin sümük xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin pisləşə biləcəyindən narahat olduqlarını bildirir.

Onların iddiasına görə, saxlanıldığı dövrdə məruz qaldığı zorakılıq nəticəsində yaranmış bəzi xəsarət izləri hələ də qalmaqdadır.

17 il azadlıqdan məhrum edilib

İlham Şıxəliyev 2025-ci il iyunun 12-də Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişməyə cəhd göstərmək və digər ağır cinayətlərdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi, narkotik vasitələrlə bağlı cinayətlər, dövlətə xəyanət, dövlət və ictimai xadimə sui-qəsdə hazırlıq, eləcə də konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair maddələri ilə ittiham olunub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş