FIFA yeni ənənəyə başlayır
FIFA açıqlayıb ki, iyulun 19-da Nyu-York–Nyu-Cersi stadionunda keçiriləcək 2026 Dünya Kubokunun finalında qalib komandanın futbolçuları tarixdə ilk dəfə çempionluq üzükləri ilə təltif ediləcək.
Beləliklə, 96 illik Dünya Kuboku tarixində ilk dəfə kubok və medallarla yanaşı çempionluq üzükləri də təqdim olunacaq.
Üzüklər sonradan futbolçulara veriləcək
Mükafatlandırma mərasimində çempion komandanın baş məşqçisi və kapitanına üzüyün müvəqqəti nüsxəsi təqdim ediləcək.
Daha sonra fərdiləşdirilmiş 30 çempionluq üzüyü hazırlanaraq xüsusi mərasimdə komandanın futbolçularına təqdim olunacaq.
FIFA-nın məlumatına görə, üzüyün bir tərəfində Dünya Kubokunun simvolu, digər tərəfində isə qalib komandanı əks etdirən xüsusi dizayn yer alacaq.
Azarkeşlər üçün də satışa çıxarılacaq
Qurum bu yeniliyin Amerika idman ənənələrindən birinin dünya futboluna gətirilməsi məqsədi daşıdığını bildirib.
Bundan əlavə, azarkeşlər üçün 1996 ədəd xüsusi çempionluq üzüyü satışa çıxarılacaq.
Tramp final oyununu izləyəcək
Ağ Evin mətbuat katibi Karolayn Livitt ABŞ Prezidenti Donald Trampın 2026 FIFA Dünya Kubokunun finalını stadiondan izləyəcəyini təsdiqləyib.
Məlumata görə, Trampın final qarşılaşmasından sonra keçiriləcək mükafatlandırma mərasimində Dünya Kubokunu qalib komandaya təqdim etməsi gözlənilir.

