“Çinin İran siyasəti dəyişməyib”
Asiyalı diplomatik mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp-ın Çinə səfərindən sonra Pekinin İranla bağlı siyasətində köklü dəyişiklik baş verməsi barədə yayılan məlumatlar “yanıltıcıdır”.
Mənbələrin sözlərinə görə, Vaşinqton bu səfəri siyasi və media baxımından qələbə kimi təqdim etməyə çalışır, lakin İranla bağlı əsas məsələlərdə real nəticə əldə olunmayıb.
Pekin rəsmi mövqeyini təsdiqlədi
Mənbələr qeyd edib ki, Çin əvvəlcə İran məsələsində tələsik açıqlamalar verməkdən çəkinib, daha sonra isə Çin Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.
Bəyanatda Pekinin İranın nüvə proqramı və Körfəz təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişmədiyi vurğulanıb.
Çin bir tərəfdən nüvə silahlarının yayılmasına qarşı olduğunu bildirsə də, digər tərəfdən İranın dinc məqsədli nüvə enerjisi və uranın zənginləşdirilməsi hüququnu dəstəklədiyini açıqlayıb.
Hörmüz boğazı ilə bağlı balans siyasəti
Pekin Hörmüz boğazının beynəlxalq ticarət üçün açıq qalmasının vacibliyini vurğulayıb.
Çin bölgənin hərbiləşdirilməsinə qarşı olduğunu bildirsə də, İranın boğaz sahilində yerləşən ölkə kimi hüquqlarını dəstəklədiyini də bəyan edib.
İran nefti Çin üçün əvəzolunmaz sayılır
Diplomatik mənbələr Çin üçün İran neftinin hələ də strateji əhəmiyyət daşıdığını bildiriblər.
Məlumata görə, Çin enerji idxalının təxminən 45 faizi Hörmüz boğazından keçir və İran Pekinin əsas enerji tərəfdaşlarından biri olaraq qalır.
Qeyd olunub ki, Çin enerji mənbələrini şaxələndirsə də, bu, İran neftindən imtina anlamına gəlmir.
İsrail mediası: “Tramp Pekinə boş çamadanla getdi”
Haaretz qəzetinin Qərbi Asiya üzrə analitiki Tsvi Barel yazıb ki, reallıq Tramp administrasiyasının təqdim etdiyi mənzərədən fərqlidir.
Onun sözlərinə görə, İranla nüvə danışıqları dalana dirənib, Tehrana qarşı tətbiq olunan təzyiqlər zəifləməyə başlayıb və İran Körfəzdə enerji və nəqliyyat marşrutlarında təsirini qoruyur.
Barel İranın “Qüds” portalına istinadən qeyd edib ki, Tramp Pekinə “boş çamadanla” gedib. Çünki Vaşinqton İran üzərində tam qələbədən sonra Çinə təzyiq etməyi planlaşdırırdı.
Çin İranla strateji tərəfdaşlığı qoruyur
Hesabatda qeyd olunub ki, Çin İranı “Bir kəmər, bir yol” layihəsinin əsas hissəsi və enerji təhlükəsizliyinin mühüm elementi hesab edir.
Eyni zamanda Tehran da Pekini Qərb sanksiyaları fonunda əvəzolunmaz iqtisadi və strateji tərəfdaş kimi görür.
Bununla yanaşı, Çin İranla münasibətləri qorumaqla yanaşı, Körfəz ölkələri və ABŞ-la iqtisadi əlaqələri arasında balans yaratmağa çalışır.

