Britaniya Qərbi Asiyada yeni antidron sistemi yerləşdirir
Böyük Britaniya hökuməti Qərbi Asiyadakı hərbi əməliyyatlarda istifadə olunacaq yeni və aşağı maliyyətli pilotsuz aparat əleyhinə sistem yerləşdirdiyini açıqlayıb.
Rəsmi məlumata görə, sistem Britaniyanın Eurofighter Typhoon tipli qırıcılarına inteqrasiya olunub.
Bildirilir ki, yeni texnologiya pilotsuz aparatları ənənəvi raket sistemləri ilə müqayisədə daha aşağı xərclə və yüksək dəqiqliklə məhv etməyə imkan verir.
Hörmüz boğazında yeni hərbi missiya
London eyni zamanda Hörmüz boğazında çoxmillətli təhlükəsizlik missiyasına qoşulacağını bəyan edib.
Bu çərçivədə bölgəyə mina aşkarlayan pilotsuz sistemlər, “Tayfun” qırıcıları və HMS Dragon adlı esmines göndəriləcək.
Britaniya hökuməti missiyanın əsas məqsədinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək olduğunu bildirib.
115 milyon funt sterlinqlik yeni maliyyə paketi
Rəsmi açıqlamaya əsasən, Britaniya hökuməti antidron və mina aşkarlama texnologiyalarının inkişafı üçün əlavə 115 milyon funt sterlinq vəsait ayırıb.
Paket çərçivəsində həm pilotsuz sistemlərə qarşı müdafiə vasitələrinin, həm də uzaqdan idarə olunan mina təmizləmə texnologiyalarının gücləndirilməsi nəzərdə tutulur.
“Tayfun” qırıcılarının rolu nədir?
Britaniya Müdafiə Nazirliyi bildirib ki, “Tayfun” qırıcıları yeni antidron sisteminin əsas platforması olacaq.
Bu sistemin pilotsuz aparatları radio tezlikləri və yüksək dəqiqlikli texnologiyalar vasitəsilə zərərsizləşdirməsi planlaşdırılır.
2024-cü ildə Britaniya ordusu yüksək tezlikli radio dalğaları ilə işləyən yeni antidron silahını sınaqdan keçirmişdi.
London: Missiya müdafiə xarakterlidir
Britaniyanın müdafiə naziri Con Hili bölgədəki fəaliyyətin “tamamilə müdafiə xarakteri” daşıdığını bildirib.
Nazir vurğulayıb ki, London Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasında aparıcı rol oynayır.
Ekspertlər hesab edirlər ki, Britaniyanın bölgədə hərbi mövcudluğunu artırması Qərbi Asiyada artan gərginlik və enerji marşrutlarının təhlükəsizliyi ilə birbaşa bağlıdır.
