Bir sıra xidmətlərin qiyməti artırılır
“Azercell Telekom” telekommunikasiya xidmətləri çərçivəsində üçüncü tərəflər tərəfindən təqdim olunan bir sıra xidmətlər üzrə yeni tariflərin tətbiq ediləcəyini açıqlayıb.
Dəyişikliklərə əsasən, “LikeMe Chat”, “Az.trainBrain”, “FunBox”, “Melomaniya”, “Foto Priz”, “Tap Qazan”, “İzlə Qazan”, “Penalty”, “Balans Oyunu”, “Hesablaşma”, “Krosvord” və digər xidmətlərin gündəlik abunə haqları artırılır.
Bütün tariflər əlavə dəyər vergisi daxil olmaqla hesablanacaq və 25 avqust tarixindən qüvvəyə minəcək.
Tarif paketləri üzrə də dəyişikliklər olacaq
Yeni qaydalara əsasən, fakturalı xətt istifadəçiləri tarif paketlərində nəzərdə tutulan danışıq limitini bitirdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,10 manat ödəyəcəklər.
Fakturasız (SimSim) xətt istifadəçiləri üçün isə (“Veteran” və “Bölgə” tarifləri istisna olmaqla) hər əlavə ölkədaxili danışıq dəqiqəsinin qiyməti 0,19 manat, “Bölgə” tarifi üzrə isə 0,12 manat olacaq.
Bundan başqa, korporativ fakturalı tarif paketlərində də əlavə danışıq dəqiqələri üçün 0,10 manat xidmət haqqı müəyyən edilib.
Bəzi xidmətlər ödənişli olacaq
Şirkətin açıqladığı dəyişikliklərə əsasən:
- “Avtomatik balans məlumatı” xidmətinin aylıq abunə haqqı 0,90 manat olacaq;
- “Balans məlumatı” xidmətinin aylıq abunə haqqı 0,15 manat təşkil edəcək;
- “Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı bütün əsas abunəçi kateqoriyaları üçün 0,90 manat olacaq;
- Rabitə xəttinin bərpası xidməti üçün isə 5 manat xidmət haqqı tətbiq ediləcək.
Eyni zamanda, fakturasız xətt sistemində istifadə olunan “Data” tarifinə yeni qoşulmalar dayandırılacaq.
Qiymət dəyişikliyi ilə bağlı tənqidlər səslənib
Qiymət dəyişiklikləri ilə bağlı məlumatların şirkətin rəsmi internet səhifəsində yerləşdirilməsinə baxmayaraq, bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri bu barədə geniş ictimai məlumatlandırmanın aparılmadığını bildiriblər.
Onların fikrincə, dəyişikliklərin yalnız rəsmi saytın müvafiq bölməsində dərc edilməsi bir çox abonentin yeniliklərdən vaxtında xəbər tutmamasına səbəb ola bilər.
“Azercell” isə yeni tariflərin 25 avqust 2026-cı il tarixindən etibarən qüvvəyə minəcəyini açıqlayıb.
